UNESCO-nun Dünya İrs Könüllüləri Proqramı çərçivəsində 2019-cu ildə fəaliyyət düşərgələri təşkil etmək istəyən QHT-lər üçün layihə çağırışı elan edilib. Layihələr ölkə üzrə toplanaraq UNESCO-ya təqdim edilməlidir.

UNESCO öz növbəsində daxil olmuş layihələr arasında seçim aparır və qalib layihəni sponsor dəstəyi tapmaq üçün öz şəbəkəsində təbliğ edir. Bununla yanaşı, qalib layihə müəlliflərinə UNESCO-nun rəsmi dəstək məktubu da təqdim edilir ki, bu da layihənin fandreyzinqi (dəstək tapması) üçün əhəmiyyətlidir. Dəstək tapa bilməyən layihələr, müəyyən dövrə qədər təxirə salına bilər. “Dünya irsi fəaliyyət düşərgəsi” layihələri hər il UNESCO tərəfindən seçilir və hər bir layihə yerli gənclər təşkilatları, QHT-lər və ya təhsil müəssisələri tərəfindən təşkil edilir.

Dünya İrs Könüllüləri Proqramı dünya irsinin qorunmasının əhəmiyyəti sahəsində gənclərin maarifləndirilməsi təşəbbüsüdür və Dünya İrs Yerində keçirilən fəaliyyət düşərgələrində (Action Camps) işləməklə onlara konkret bacarıqlar öyrədilməsini nəzərdə tutur.

Hər il dünyanın müxtəlif bölgələrində 50-yə yaxın fəaliyyət düşərgəsi keçirilir ki, burada abidələrə qayğı, biomüxtəliflik, davamlı inkişaf və s. kimi konkret mövzular əhatə olunur. Bu günə kimi Dünya irs Könüllüləri Proqramı çərçivəsində dünyanın 61 ölkəsində 122 yerli təşkilat və QHT ilə 359 fəaliyyət düşərgəsi təşkil edilib. Bu düşərgələrdə 3500-dən artıq könüllü iştirak edib.

Gəncləri və gənclər təşkilatlarını dünya irsini qorumağa təşviq edən UNESCO-nun Dünya İrs Könüllüləri (WHV) Təşəbbüsü 2008-ci ildə Dünya İrs Tədrisi Proqramı çərçivəsində, Beynəlxalq Könüllülər Xidmətinin Koordinasiya Komitəsi (CCIVS) ilə birlikdə yaradılıb. Sosial medianın böyük diqqətini cəlb edən layihə ictimaiyyəti dünya irsi mövzusunda maarifləndirməyə və gənclər arasında könüllülük fəaliyyəti üçün imkanları artırmağa xidmət edir.

Daha ətraflı məlumatı  https://whc.unesco.org/en/news/1905/ linkinə keçməklə və ya (+994 12 493 02 33) nömrəsi ilə əlaqə saxlamaqla almaq olar.