Yanvarın 9-da – Xalq şairi Zəlimxan Yaqubun vəfatının 3-cü ildönümündə elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək tanınmış ədibin məzarını ziyarət ediblər.
Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu anım mərasimində çıxış edərək Zəlimxan Yaqub kimi şairlərin heç vaxt unudulmayacağını vurğulayıb. O, vəfatından keçən 3 il müddətində şairin kitablarının Qazaxıstan və İranda işıq üzü gördüyünü deyib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Zəlimxan Yaqubun təkcə Azərbaycan ədəbiyyatında deyil, türk dünyasında sevilən şair olduğunu bildirib. Şairin həyat yolundan danışan alim onun həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirib.
Mərasimdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Təbrizdən gəlmiş qonaq, “Mişov dağı” jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, şairlər Yusif Nəğməkar, Zaməddin Ziyadoğlu və başqaları Zəlimxan Yaqubun poetik təfəkküründə milli-mənəvi dəyərlərin geniş yer tutduğunu bildiriblər.
Vurğulanıb ki, şair ömrünün 40 ilini Azərbaycan poeziyasının inkişafına həsr edib.
Xatırladaq ki, Zəlimxan Yusif oğlu Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanda, Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
“Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub. 2016-cı il yanvarın 9-da vəfat edib.