Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi yanvarın 10-da Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri – Tıq-tıq xanımın yeni sərgüzəştləri ilə Sumqayıt Dövlət Dram Teatrında balaca tamaşaçıların, məktəblilərin görüşünə gəlib.
Xoş ovqatlı “Tıq-tıq xanımın Şaxta babası” adlı musiqili nağıl-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev jurnalistlərə açıqlamasında bildirib ki, ilk dəfə DTX-nin Mədəniyyət Mərkəzi Bakı şəhərindən kənarda belə tədbir keçirir. Bu cür tədbirlərin respublikamızın digər şəhər və bölgələrində də keçirilməsi planlaşdırılır.
Bayram əhval-ruhiyyəli, şən musiqiləri, rəngarəng kostyumları, dekorasiyaları və işıq effektləri ilə zəngin tamaşa uşaqlarla yanaşı, böyüklər tərəfindən də maraqla izlənilib. Tıq-tıq xanım obrazını 6 yaşlı Nuray Rəhman canlandırıb. Digər yaddaqalan obrazları Mədəniyyət mərkəzinin aktyorları ilə birgə DTX-nin əməkdaşlarının övladları oynayıb.