Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümündə “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Yanvarın 20-də nümayiş ediləcək tamaşada rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov və başqaları ifa edəcək.

Səhnə əsərinin musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

* * *

Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdiriləcək.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı Gürcüstanın tanınmış teatr rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

Tamaşa gənclərin ilk məhəbbətinin tərənnümünə həsr olunub. Aqillə Turan ayrılsalar da, daxilən bir-birinə sadiq qalırlar. Aqil 20 Yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin Səidədən olan oğlunun təlim-tərbiyəsi ilə məşğul olur, onun anasını tək qoymur.

* * *

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında da anılacaq.

Yanvarın 19-da Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə ölkəmizin azadlığı uğrunda canından keçən vətən övladlarının ömür yolundan bəhs edən fotosərgi də açılacaq.

Vətənpərvərlik ruhunda bəstələnmiş bədii kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək tədbirdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.