Fevralın 13-də RF Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa keçiriləcək.

Dövlət Dumasından verilən məlumata görə, Rusiyada get-gedə daha çox insan Azərbaycanın ənənələrinə, Azərbaycan incəsənətinə və Azərbaycan dilinə maraq göstərdiyi kimi, Azərbaycanda da rus mədəniyyətinə maraq artır. Rusiyanın şəhərlərində Azərbaycan sərgiləri, konsertlər, milli mədəniyyət və milli mətbəx bayramları həmişə uğurla keçir. Ötən ilin oktyabrında Moskvada keçirilən “Azərbaycanın payız töhfələri” adlı festival, dekabrda Bakıda keçirilən “Moskva günləri” bakılıların böyük diqqət və marağına səbəb olub.

Keçən il Azərbaycanda ilk dəfə keçirilən Nəsimi poeziya, incəsənət və mənəviyyat festivalında Rusiyanın mədəniyyət xadimləri fəal iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan festivalın davamı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, ortaq informasiya-mədəniyyət məkanının inkişaf perspektivlərinin müəyyən edilməsi məqsədilə cari vəziyyət ciddi təhlil edilməlidir: “Rusiya ilə Azərbaycanı çoxəsrlik mehriban qonşuluq münasibətləri bağlayır. Biz mədəniyyət sahəsində bir-birimizdən çox şey öyrənmişik. Mənim fikrimcə, humanitar əlaqələrimizi prinsipcə yeni səviyyəyə - ümumi dövlətlərarası strategiya səviyyəsinə çatdırmaq üçün əldə etdiyimiz nailiyyətləri sistemləşdirməyin vaxtıdır”.

Multikultural dialoqun möhkəmlənməsi və strateji tərəfdaşlar arasında xalq diplomatiyasının inkişafı ilə bağlı aktual məsələlərin müzakirə olunması üçün Rusiya və Azərbaycan Mədəniyyət nazirliklərinin, Azərbaycanın Moskvadakı səfirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, habelə yaradıcı ittifaqların üzvləri, hər iki ölkənin tanınmış mədəniyyət xadimləri dəvət edilib.