Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” metodik mərkəzinin könüllüləri tərəfindən “Wikipedia.org” elektron ensiklopediyasında Azərbaycanla bağlı özbək dilində bölmələrin yaradılması davam etdirilir.
Növbəti məqalə olaraq Azərbaycan mədəniyyətinin rəmzlərindən olan və qədim sənət növlərindən sayılan kəlağayı haqqında özbək dilində məlumat elektron ensiklopediyada yerləşdirilib.
Məqalədə Azərbaycanda ənənəvi qadın baş geyimi olan kəlağayının tarixi, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi barədə məlumat verilir.