Prezident İlham Əliyev yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilib və onun funksiyaları nazirliyin Aparatına verilib. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılıb. Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilib.
Həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv edilib.
Fərmana əsasən, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində müvafiq dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi nazirliyin tabeliyindəki qurumların (“AzInTelekom” MMC istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli təşkili, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, Prezident Administrasiyasına mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etmək tapşırılıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsi və onun funksiyalarının nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi,
Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi də fərmanda əksini tapıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti qurumlara fərmanın icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
* * *
Ölkə başçısı yanvarın 16-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında da fərman imzalayıb.