Yanvarın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Komitənin sədri Rafael Hüseynov əvvəlcə 2018-ci ilin payız sessiyasında görülmüş işlər barədə hesabatı diqqətə çatdırıb. Bildirib ki, payız sessiyasında komitənin 7 iclası keçirilib, 22 məsələ müzakirə edilib.

İclasda “Milli Arxiv Fondu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, layihə “Dövlət sirri haqqında” qanunda 2018-ci il iyunun 12-də təsdiq edilmiş dəyişikliklərə uyğunlaşdırma məqsədilə hazırlanıb.

Həmçinin “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.