2019-cu il Rusiyada “Teatr ili” elan edilib. Yanvarın 18-də bununla bağlı bütün ölkəni əhatə edəcək teatr marafonu start götürür.

Rusiyanın şərq ucqarında ən böyük mədəniyyət mərkəzi sayılan Vladivostok şəhərində marafonun təntənəli açılış mərasimi rus teatrının tarixinə həsr olunub. Qonaqlara Mariinsk teatrının (Sankt-Peterburq) Primorsk səhnəsinin baş baletmeysteri, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik redaksiyasında (Marius Petipanın klassik quruluşu üzrə) “Yatmış gözəl” baleti təqdim ediləcək. Tamaşada əsas partiyaları Mariinsk teatrının bir nömrəli solisti – “Böyük balet” müsabiqəsinin qalibi Kimin Kim və Rusiyanın Əməkdar artisti Yekaterina Osmolkina ifa edəcəklər.

Açılışda “Olonxo” teatrının artistləri, A.Y.Vaqanova adına Rus Baleti Akademiyasının Vladivostok filialının tələbələri və Uzaq Şərq federal dairəsi teatrlarının aktyorları da çıxış edəcəklər. RF Hökuməti sədrinin müavini Olqa Qolodes, mədəniyyət naziri Vladimir Medinski mərasimin fəxri qonaqları olacaq.

Teatr marafonu ilboyu davam edəcək, ölkənin 85 regionu mədəniyyət estafetini bir-birinə ötürəcək. Primorsk teatrı öz tamaşalarını Xabarovskda göstərəcək. Sonra Xabarovsk teatrı Yujno-Saxalinskə yollanacaq... Marafon ilin sonunda Kalininqradda başa çatacaq.

Qastrollar zamanı hər regionda tamaşa oynanılmaqla yanaşı, teatrların tarixinə dair mobil fotosərgilər təşkil ediləcək, aparıcı aktyor və rejissorlar isə ustad dərsləri verəcək, onlarla yaradıcılıq görüşləri keçiriləcək.

Ümumrusiya teatr marafonu çərçivəsində hər federal dairədə Rusiya Teatr Xadimləri İttifaqının “Rusiya teatrı - XXI əsr. Yeni baxış” regional forumları da təşkil olunacaq. Soçi (10-14 mart), Nijni Novqorod (21-25 aprel), Novosibirsk (15-19 may), Yekaterinburq (5-10 iyun), Voloqda (30 iyun-4 iyul), Qroznı (11-19 sentyabr), Vladivostok (1-5 oktyabr) şəhərlərində və Moskvada (avqust-dekabr) olmaqla 8 forumun keçirilməsi nəzərdə tutulur. 

Moskvada keçiriləcək yekun teatr forumu üçün “Teatr texniki-peşə məktəbi” (Moskvanın aparıcı teatrlarının bazasında regional teatrların texniki işçiləri üçün ümumtəhsil layihəsi) və “Rusiya Federasiyası region teatrlarının aparıcı artistləri üçün yaradıcılıq laboratoriyası” layihələri hazırlanır. 

GÜLCAHAN