Yanvarın 22-də İsveçrənin Davos şəhərində 49-cu Dünya İqtisadi Forumu işə başlayıb. Alp dağlarındakı dağ-xizək kurortunda keçirilən ənənəvi foruma 3 minədək nümayəndə - dövlət və hökumət başçıları, nazirlər, ekspertlər, iri şirkətlərin rəhbər və təmsilçiləri, beynəlxalq təşkilatların rəsmiləri qatılıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Forumunda iştirak edir. Dövlət başçısı bir sıra görüşlər keçirib.

Davos Forumunun budəfəki mövzusu “Qloballaşma 4.0: Dördüncü sənaye inqilabı əsrində qlobal arxitekturanın formalaşdırılması” adlanır.

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab açılış çıxışında ölkələri beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb: “Bu forumda dünyadakı vəziyyət nəzərdən keçiriləcək və vəziyyəti yaxşılaşdırmaq üçün əməkdaşlıq qurulacaq. Biz bəşəriyyət tarixində kəsişmə nöqtəsinə gəlib çatmışıq, indi gələcəyimizi daha yaxşı qurmalıyıq”.

K.Şvab dünyanın axarını dəyişməli olan addımların gələcəyə istiqamətli və məqsədli şəkildə atılmalı olduğunu vurğulayıb: “Builki toplantının mərkəzində qloballaşmanın yeni mərhələsinin özü ilə gətirdiyi çağırışlar dayanacaq”. O, bütün fəaliyyətlərin mərkəzində insan faktorunun dayanmalı olduğunu bildirib.

“Rəqəmsallaşma yaxın gələcəkdə özü ilə inqilabi dəyişikliklər gətirəcək. Bunların hər biri ayrılıqda dünya üçün ciddi çağırış deməkdir” – bu fikri isə Davos Forumunun prezidenti, Norveçin sabiq xarici işlər naziri Berge Brende bildirib.

Forumda rəqəmsallaşma, süni intellekt, Avropa və Afrika əməkdaşlığı, qlobal ticarət münaqişələrinin nizamlanma yolları müzakirə ediləcək. Forum işinə yanvarın 25-də yekun vuracaq.