Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarından 29 il ötdü. Sovet ordusunun həmin gün Bakıda Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb.
1990-cı ilin 20 Yanvarı, eyni zamanda tariximizə qəhrəmanlıq səhifəsi kimi də daxil olub, xalqımızın milli müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər birimiz üçün əzizdir. Hər il olduğu kimi, 20 Yanvarın 29-cu ildönümündə də Şəhidlər xiyabanına böyük insan seli axırdı, xalqımız qəhrəman övladlarının xatirəsini dərin ehtiramla yad etdi.
Yanvarın 20-də Mədəniyyət Nazirliyinin kollektivi, paytaxtın mədəniyyət ocaqlarının əməkdaşları da Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildirdilər. Şəhidlərin xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.
Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq!