İllərlə adı afişadan düşməyən, 10-20 ildən çox repertuarda qalan, seyrçi cəlb edən tamaşanı həm də qocaman tamaşa hesab etmək olar. Çağdaş Azərbaycan teatrında tamaşaçı probleminin nə qədər aktual olduğunu qeyd etməklə yanaşı, paytaxt teatrlarında (yaxşı axtarsaq, bölgələrdə də) belə uzunömürlü tamaşalar  tapmaq mümkündür.

“Qocaman tamaşalar” rubrikasında ilk olaraq yolumuzu ana teatrdan – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından salmışıq. Bu silsilədən ilk yazımız iyirmi üç ildən bəri teatrın repertuarında olan Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” (ilk quruluşda adı: “Hökmdar və qızı”) ikihissəli faciəsidir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, səhnə tərtibatçısı Əməkdar rəssam, mərhum İsmayıl Məmmədovdur.

“Qarabağnamə” teatrın repertuarına daxil olandan bəri kollektiv bütün mövsümləri onunla başlayıb onunla bitirir. Hər il 20 yanvar, 26 fevral, 31 mart, 8 may kimi hüznlü günlərimizdə də, Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq oynanılır.

İlk tamaşası 1996-cı il dekabrın 14-də oynanılmış “Hökmdar və qızı” tamaşası görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin sonuncu pyesidir. Bu əsər həm də dramaturqun sağlığında hazırlanmış, lakin premyerasını görmək ona qismət olmayan yeganə səhnə əsəridir.

 

... Teatra elə yanvarın 20-də, “Qarabağnamə” oynanılan gün, amma tamaşadan xeyli əvvəl gəlmişik. Gəlmişik ki, quruluşçu rejissorla, tamaşanın iştirakçıları ilə söhbət edək. Çox istəyirik ki, tamaşanın əsas qəhrəmanlarından biri – Ağabəyim ağa rolunun ifaçısı Əməkdar artist Məsmə Aslanqızı ilə söhbət edək, amma aktrisa danışmaq istəmədiyini deyir, biz də günün hansı gün olduğunu bildiyimizdən çox da bərkini tutmuruq. 20 Yanvar faciəsinin acısını bir toplum olaraq nə qədər çox hiss etsək də, bu acını həmin məşum gecə əzizini itirənlərin çəkdiyi qədər yaşaya bilmərik. O gecə  balaca qız ikən atasını itirmiş Məsmə xanım da ömrünün sonunadək o itkini yaşamağa məhkumdur...

 

Tamaşanın başlanmasına az qalıb. Səhnəyə ilk çıxacaq iştirakçılar hazırdırlar, kişilərin tamaşa boyu dəyişəcəkləri çuxalar, arxalıqlar asılqandan asılıb, qadınların libasları isə əlbəsə otağında geyim növbəsini gözləyir. Əməkdar artist Kazım Abdullayev də səhnəyə çıxmağa hazırdır. Əsərin baş qəhrəmanı pərdə açılan kimi səhnəyə hər kəsdən öndə daxil olacaq. “Qarabağnamə”nin İbrahim xanı məmnuniyyətlə öz fikirlərini bizimlə bölüşür:

- Mən 2004-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıram. Mərhum Əliabbas Qədirov 2006-cı ildə vəfat edənədək İbrahim xan rolunda çıxış etmişdi. Heç gözləməzdim ki, Əliabbas müəllimdən sonra mərhum İlham Əsgərovla yanaşı mənə də İbrahim xanı oynamağı həvalə edərlər. İlhamın sağlığında biz bu tamaşada növbə ilə çıxış edirdik. Əslində, bütün hallarda hazır tamaşaya sonradan daxil olmaq aktyor üçün çətindir, üstəlik, mən də o zaman teatrda təzə adam idim. Görünür, quruluşçu rejissorun, kollektivin inamını doğrultduğum üçün “Hökmdar və qızı” ikinci dəfə “Qarabağnamə” kimi hazırlanarkən yenidən İbrahim xanı oynamalı oldum.

Azərbaycanın başına gələn bütün bəlaların kökündə Qarabağ uğrunda savaş durur. Dünyanın cənnət guşəsinə əvvəlcə ruslar, sonra da ermənilər göz dikib. İbrahim xan xanlıqları birləşdirmək, güclü düşmənlərlə savaşdan qalib çıxmaq, torpaqları qorumaq üçün vuruşur. Torpaq bütövlüyü xatirinə sevimli qızı Ağabəyimin məhəbbətini ürəyində qoyur. Mən də İbrahim xanı bu cür oynayıram.

 

Kazım müəllimə tamaşada uğurlar arzulayıb “Qarabağnamə”də Saday bəyi oynayan Sabir Məmmədovu axtarırıq. Xalq artisti Sabir Məmmədov 1996-cı ildən bəri bu tamaşanın Saday bəyidir. Ona belə müraciət edən kimi söyləyir ki, Əməkdar artist Rövşən Kərimduxt ona dublyordur. Yeri gəlmişkən, Rövşən Kərimduxt bu tamaşada əvvəlcə Hüseynqulu xan rolunda da çıxış edib. Biz isə Sabir müəllimdən öz obrazı barədə fikirlərini soruşuruq:  

 

- Saday Şirxan oğlu Cənubdan Qaradağ xanının hədiyyəsini Qarabağ xanı İbrahim xana gətirən igiddir. Kirs dağının ətəyində qoca çinarın altındakı ipək çadırın qapısında bir gözəli - Ağabəyim ağanı görüb ona aşiq olur. Saday bəy tarixi obrazdır. Lakin o, əsilzadə yox, tərəkəmədir. Qarabağ xanının ailəsini xilas etdiyinə, igidliyinə görə İbrahim xan ona bəylik verir. 1996-cı ildə bu rol mənə tapşırılanda cavan, sıravi aktyor idim, indisə Xalq artistiyəm. Təbii ki, bu yaşımda gözəl Ağabəyim ağanın da vurulduğu sədaqətli igid oğlan kimi deyiləm, bu gün mənim öz obrazıma münasibətim də fərqlidir. Səhnədə canlandırdığım Saday bəy mənim üçün Qaradağ igidlərinin ümumiləşdirilmiş bədii obrazıdır.

 

Sabir müəllim səhnə arxasına tələsir. O da pərdə açılan kimi səhnədə olacaq.

Əsərdəki ən qəliz obrazlardan birinin – erməni Vanya yüzbaşı rolunun ifaçısı, Xalq artisti Əjdər Həmidovun teatr dililə desək, tamaşadakı yerinə hələ var. Əslində, bu sətirlərin müəllifi çoxları kimi elə zənn edirdi ki, Əjdər müəllim “Qarabağnamə”yə sonradan daxil olub. Çünki ilk tamaşalarda, həmçinin səhnə əsərinin televiziya üçün lentə alınmış videoyazısında da Vanyanı mərhum sənətkarımız, irili-xırdalı bütün obrazlara özünəməxsus ştrixlər artırmağı bacaran Xalq artisti Səyavuş Aslan ifa edirdi. Amma demə, həqiqət heç də biz bilən kimi deyilmiş:

 

- “Hökmdar və qızı”nın ilk rol bölgüsündə Vanya yüzbaşı rolu mənə verilmişdi. Sonradan Səyavuş Aslan da tamaşaya daxil oldu. Tamaşanın ictimai baxışında, premyerasında, hətta təxminən bir il Səyavuş müəllim bu rolda səhnəyə çıxdı. Amma artıq onun səhhəti pisləşmişdi deyə, özü roldan imtina etdi, beləliklə, Vanya yüzbaşı qaldı təkcə mənim öhdəmdə. Vanya yüzbaşı bu tamaşadakı bütün obrazlardan fərqlənir. İbrahim xana qarşı satqınlıq edir, öz millətinin xətrinə ruslara işləyir, ermənilərin Qarabağ torpaqlarına yerləşdirilməsinə xidmət edir. Mən rol üzərində işləyəndə çalışmışam ki, Vanyanın simasında erməni hiyləgərliyini, satqınlığını, qəddarlığını elə göstərim ki, tamaşaçı düşmənə nifrət etsin. O, arvadına da belə deyir: “Mən neyləyirəmsə, erməni xalqı üçün edirəm. İnanıram ki, erməni xalqı məni heç vaxt unutmayacaq”.  

 

“Qarabağnamə” barədə ən dolğun, ən geniş danışa biləcək şəxs də teatrdadır: Xalq artisti Mərahim Fərzəlibəyov:

 

- 1990-cı ildə 20 Yanvar faciəsindən sonra İlyas müəllim hər  söhbətində deyirdi ki, şəhidlərə əsər ithaf etmək istəyir. İlyas müəllim 20 Yanvarın, Azərbaycanın bütün faciələrinin məntiqi başlanğıcı kimi İbrahim xan dövrünə müraciət etdi. Əsərin titul vərəqində də yazmışdı ki, XVIII əsrin sonundakı Qarabağ şəhidlərinə və 20 Yanvar şəhidlərinə ithaf olunur. Amma 1990-cı ildə “Qlavlit” adlanan senzura idarəsi bu pyesin tamaşaya qoyulmasına icazə vermədi.

 

- Belə çıxır ki, müstəqillik qazanılmalıydı ki, “Hökmdar və qızı” səhnəyə çıxsın?

- Bəli. Müstəqillik qazanıldıqdan sonra əsər üzərində işə başladıq. Birinci quruluşda görkəmli aktyorlarımız – mərhumlar Əliabbas Qədirov, Bürcəli Əsgərov, Aqşin Vəlixanlı, Elxan Ağahüseynoğlu, Səyavuş Aslan, eləcə də xalq artistləri  Bəsti Cəfərova, Hacı İsmayılov, Ramiz Məlik, Səfurə İbrahimova, Əməkdar artist Münəvvər Əliyeva çıxış etdilər. 1997-ci il sentyabrın 20-də ulu öndərimiz Heydər Əliyev Azərbaycanın dostu, görkəmli həkim və ictimai xadim İhsan Doğramacı ilə birlikdə “Hökmdar və qızı” tamaşasına baxdı, əsər haqqında qiymətli fikirlərini söylədi. Elə onun tövsiyəsi və İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar imzaladığı sərəncamla bu pyes əsasında “Hökmdarın taleyi” bədii filmi çəkildi.

 

-  Əsərə ikinci dəfə quruluş vermək zərurəti nədən yarandı? Bildiyim qədər, “Qarabağnamə” tamaşasında elə bir ciddi dəyişiklik yoxdur.

- Tamaşa canlı orqanizmdir. Aktyorların bəzisi yaşlaşdı, bir neçəsi vəfat etdi. 2010-cu ildə hesab etdim ki, əsərin yeni quruluşda səhnəyə çıxmasına ehtiyac var. Cüzi səhnə redaksiyası ilə əsəri yenidən hazırladıq, 2011-ci il martın 10-da təhvil verdik. Başqa dəyişikliyə ehtiyac yoxdu: Qarabağ dərdimiz həmənkidir, hələ də şəhidlərimizin qanını almamışıq.

 

- Rejissordan hansı tamaşanı çox bəyəndiyini soruşmaq anaya verilən hansı övladını daha çox sevirsən sualına bənzəyir...

- Elədir. Tamaşanın ideyası, iştirakçıların öz rollarına münasibəti dəyişməsə də, fərqlər var. Məsələn, Bəsti xanımın Ağabəyimi ilə Məsmə xanımın Ağabəyimi tam fərqlidir. Çünki aktyorların da öz ifa tərzi var. Mən də çalışdım ki, ikinci quruluşda, xüsusilə də finalda Azərbaycanın Qarabağ uğrunda savaşdan çəkinməyəcəyi, doğma torpaqlarımıza qayıtmaq ideyası daha qabarıq səslənsin.

 

“Qarabağnamə” (“Hökmdar və qızı”) tamaşası barədə bir fikir də var ki, onu bu yazıya daxil etməyə bilməzdik. Mərahim müəllimin də xatırlatdığı həmin tarixi gündə - Azərbaycan Prezidenti Heydər Əliyev əsərə baxdıqdan sonra yaradıcı heyətilə görüşdə bu fikirləri söyləmişdi: “Bu əsər xalqımızda vətənpərvərlik yaradır, müstəqillik, milli azadlıq hissiyyatlarını beyinlərə həkk etdirir, xalqımızı, əsasən gəncləri bu istiqamətdə tərbiyələndirir. Bu baxımdan əsərin aktuallığı çox böyükdür. İndi hər kəs bilsin ki, müstəqillik nədir və öz xalqının müstəqilliyini qorumayan adamların aqibəti necə olur... Xalqımızı bu təhlükədən qorumaq, birləşdirmək və həmrəy etmək üçün, Azərbaycanın bu ağır dövründə müstəqilliyimizi qoruyub saxlaması üçün bu əsərin çox böyük əhəmiyyəti var - həm pyesin, həm də sizin yaratdığınız bu tamaşanın”.

* * *

Ötən bazar günü “Qarabağnamə”nin neçənci dəfə oynanıldığını kimdən soruşduqsa, bilmədi. Xoşbəxt insanlar saatı, zamanı hiss etmədikləri kimi, rol sarıdan bəxti gətirən aktyorlar da statistika həvəslisi olmazlar. Əslində, teatrın arxivini qaldırıb sayı dəqiqləşdirmək də olar. Amma gərəkmi? Hər birimizi iki yüz ildən bəri izləyən, taleyimizə düyün vurub, ürəyimizdə çapıq qoyan Qarabağ dərdindən bəhs edən əsərdə çıxış etmək, tarixi qəhrəmanların obrazını yaradaraq onları iki-üç saatlığa da olsa, bizim müasirimiz edən aktyorlar neçənci dəfə “Qarabağnamə”də səhnəyə çıxdıqlarının sayını itiriblər. Bununla belə, bütün yaradıcı kollektivin tamaşa ilə bağlı bir arzusu var: “Qarabağnamə”ni Şuşada, Cıdır düzündə açıq havada oynamaq! Tanrı istəyimizi gözümüzdə qoymasın!

Gülcahan MİRMƏMMƏD