Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilən 25-ci “Mədəniyyət festivalı” çərçivəsində xarici ölkə səfirliklərinin iştirakı ilə beynəlxalq kulinariya festivalı təşkil edilib. Festivala Azərbaycanın Küveytdəki səfirliyi də qatılıb.

Səfirlikdən bildiriblər ki, ölkəmiz üçün ayrılan guşədə milli yemək və şirniyyatlarımız, eyni zamanda ölkəmizin mədəniyyəti və turizm imkanlarını əks etdirən kitab, buklet, broşür, habelə suvenirlər, milli geyimlər nümayiş etdirilib. Azərbaycanın ən məşhur yerlərini, füsunkar təbiətini özündə əks etdirən fotostendlərlə yanaşı, səfirliyin təşəbbüsü ilə elektron turizm üzrə ekspert, küveytli bloger tərəfindən hazırlanan Azərbaycanın interaktiv turizm xəritəsi də nümayiş etdirilib.

Ziyarətçilərə səfirliyin əməkdaşları, həmçinin “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri tərəfindən milli mətbəximizin nümunələri təqdim edilib, ölkəmizin gəzməli-görməli yerləri haqqında məlumat verilib.

Əl-Əhmədi bölgəsinin qubernatoru və Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının baş katibi iştirakçı səfirliklərin stendləri ilə tanış olublar.