Jurnalistikanın və mətbuat işçilərinin ən müxtəlif problemləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin daimi diqqətindədir. AŞPA-nın qış sessiyasının gündəliyində də komitənin təqdim etdiyi 3 məruzə yer alıb. “İnternet və insan hüquqları” məruzəsi getdikcə həyatımızda daha artıq yer tutan vacib mövzuya həsr edilib.

Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov uzun illərdən bəri mətbuatla bağlı, həm Azərbaycan kütləvi informasiya vasitələrində, həm də beynəlxalq radiolarda çalışmış bir insan kimi bu xüsusda müqayisələr aparmaq imkanının olduğunu bildirib.

“Azərbaycanın 2000-ci illərin əvvəlləri ilə indiki mətbuat həyatını, internet şəbəkəsinin, sosial medianın həmin dövrdəki və indiki mənzərəsini tutuşduranda, sözün birbaşa mənasında, çox da böyük olmayan zaman kəsiyində sıçrayışlı irəliləyişlərə nail olunduğunu görürük”, – deyə Milli Məclisin komitə sədri qeyd edib. Rafael Hüseynov bu inkişafın yalnız artan rəqəmlərdə deyil, keyfiyyətdə də ifadə olunduğunu, Azərbaycan əhalisinin əksəriyyətinin sosial şəbəkənin fəal istifadəçiləri olduğunu vurğulayıb.

“Bu gün Azərbaycanda kifayət qədər münbit media mühiti var. Azad internet mühitinin olması bunun ən bariz göstəricilərindəndir. İnternet istənilən anda istənilən yazını, istənilən fikri sosial şəbəkəyə çıxarmağa, paylaşmağa imkan verir. Sosial şəbəkə isə ən iti sürətli radio, televiziya, qəzet, informasiya agentliyi deməkdir. Ölkədə 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet var, 100-ə yaxın jurnal nəşr olunur. Eləcə də bölgələrdə 120-yə yaxın qəzet çıxır, 20 informasiya agentliyi, 23 mətbuat yayımı müəssisəsi mövcuddur”, - deyə deputat bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda ölkə üzrə 11 telekanal fəaliyyət göstərir, 4 peyk televiziyası, 13 region, 17 kabel televiziyası, 2 internet televiziyası, 1 radio işləyir. Azərbaycanda bu gün 3 milyondan çox insan sosial şəbəkədən istifadə edir ki, bunların 1 milyon 800 mini Facebook-un payına düşür.

Azərbaycanda 40 internet provayderi var, internet trafikinin giriş-çıxışının həcmi 200 GB-dır. Azərbaycandan kütləvi informasiya mühitinin qısa statistik mənzərəsi belədir və əhalisi 10 milyon nəfər olan bir ölkə üçün bu rəqəmlər qənaətbəxş hesab edilib.