Azərbaycan dünyada böyük etimad qazanan ölkədir. Digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik.

Prezident İlham Əliyev bu sözləri yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti yanvarın 21-dən 23-dək İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib, “Rossiya 1” televiziya kanalına, Çin televiziyasına müsahibələr verib.

Dövlət başçısı Çinin CGTN kanalına müsahibəsində ölkəmizin müasir qlobal çağırışlar qarşısında inkişafı, yeritdiyi siyasət barədə sualları ətraflı cavablandırıb.

Azərbaycanın üzləşdiyi münaqişənin həll edilməsi, ərazi bütövlüyünün bərpa edilməsində artan iqtisadi imkanların rolu barədə suala cavabında Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən, iyirmi beş il əvvəl qəbul olunan dörd qətnaməsi icra olunmur: “Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır”.

Ötən illərdə Azərbaycana ümumilikdə 250 milyard dollar investisiya qoyulduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, biz qonşularımızla çox uğurlu əməkdaşlıq formatı yaratmışıq: “Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.

Prezident bir neçə il öncə Çinə rəsmi səfəri zamanı bu ölkə ilə də bir neçə mühüm sənəd imzalandığını xatırladıb və Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycanın dəstəklədiyini deyib. Qeyd olunub ki, “Bir kəmər, bir yol” bizim üçün, həqiqətən, çox əhəmiyyətli layihədir və Azərbaycan bu layihənin çox fəal üzvünə çevrilmək niyyətindədir: “Biz nəqliyyat şəbəkəsini Avropaya qədər uzatmışıq və Bakı-Tbilisi-Qars dəmir yolunu çəkməklə xətləri birləşdirmişik. Çindən Avropaya doğru başlayan daşımaların çox sayda istiqamətləri var. Biz bu prosesdə daha yaxından iştirak etmək arzusundayıq. Bu məqsədlə, əlbəttə ki, Mərkəzi Asiyada, Gürcüstanda, Türkiyədə və Avropadakı tərəfdaşlarımızla işləyirik. Hazırda Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir”.

Prezident həmçinin insanlar arasında təmasların əhəmiyyətini vurğulayıb və Çin vətəndaşları üçün elektron viza verilməsinin asanlaşdırıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Çinlə ticarəti də inkişaf etdirir. Azərbaycanın ilk ticarət nümayəndəliklərindən biri Çində açılıb. Bütün bunlar ticarət sahəsində güclü tərəfdaşlığı qurmaqda, insanlar arasında təmasların yaradılmasında iradəmizi nümayiş etdirir.

Qeyd edək ki, yanvarın 22-də Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Dövlət başçısı sessiyada çıxışında da Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkə regional və transmilli layihələrdə rolundan söz açıb. “Müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq”, - deyə İlham Əliyev bildirib. 

Prezident onu da vurğulayıb ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırmaya müsbət təsir göstərir: “Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq”.