Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına ötən il daxil olan “Qoyya” birpərdəli baleti fevralın 3-də növbəti dəfə sənətsevərlərə təqdim ediləcək.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin və Xalq artisti, professor Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü Vasili Medvedyevdir.
Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Səhnə əsərində Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova çıxış edir.