Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töhfələr verib.
Bu fikir Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın çıxışında yer alıb.
2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu vurğulayan deputat qeyd edib ki, İmadəddin Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri ideyalar yüksək poetik şəkildə tərənnüm olunub. Onun yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən, bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub.
Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifidir.
Deputat diqqətə çatdırıb ki, Şərqin böyük filosofunun fikirləri Qərb mədəniyyətinin və ədəbiyyatının nümayəndələrinin humanizm fikirləri ilə bənzərdir. Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması da böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışdır.