Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Tanrıya 14 məktub” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Teatrın rejissoru, Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadə, musiqi tərtibatçısı Şamxal Novruzludur. Rolları Anar Səfiyev, Nicat Kazımov, Qəmər Məmmədova, Zemfira Əbdülsəmədova, Ramil Məmmədov, Bəhram Həsənov və başqaları canlandıracaq.
Əsər hələ ki aktyorların iştirakı ilə masaarxası məşq mərhələsindədir. Hazırlıq prosesi barədə danışan rejissor Nicat Kazımov bu çoxqatlı əsərə müraciət edilməsinin məsuliyyət və çətinliyindən söz açıb: “Uzun müddətdir ki, Erik Emmanuel Şmidtin iki əsəri – “Müsyö İbrahim və Quran çiçəyi”, “Oskar və çəhrayı dama, yaxud Tanrıya 14 məktub” pyesləri ətrafında düşünürdüm. Nəhayət, bu il “Tanrıya 14 məktub” əsərinə quruluş vermək qərarına gəldim və teatrın rəhbərliyi bu ideyanı dəstəklədi. Əsər monopyes olaraq qələmə alınsa da, biz bunu 14 aktyorla, bir qədər ayrı cür qurmağa qərar verdik. Tamaşanı bir az hərəkətli və fərqli formada qurmaq niyyətindəyik. Musiqi tərtibatında Hans Zimmerin bir az ağır musiqiləri ilə yanaşı, fransız estradasından yüngül, ritmik, hətta romantik melodiyalara da müraciət etmişik. Ümid edirik ki, bu polifonik bir tamaşa olacaq və tamaşaçıların rəğbətini qazanacaq”.
Tamaşanın premyerası mart ayına nəzərdə tutulub.