İlin ikinci ayı paytaxtın mədəniyyət ocaqlarında, sənət məkanlarında müxtəlif tədbirlər, layihələr sarıdan zəngindir.

Ay ərzində teatrlarda nümayiş olunan  tamaşalardan, kino zallarında göstərilən filmlərdən hansılarını vaxt ayırıb izləyə bilərsiniz? Yaxud konsert salonlarındakı musiqi axşamlarına, qalereya və incəsənət mərkəzlərindəki sərgi və təqdimatlara nə zaman getmək imkanınız var? “Mədəniyyət” qəzetinin aylıq “Afişa” əlavəsi Bakı sakinlərinə, şəhərin qonaqlarına bu seçimdə bələdçilik edə bilər.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan “Afişa” əlavəsinin fevral sayı çapdan çıxıb. Nəşrdə Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının tamaşaları, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrındakı konsert proqramları, eləcə də şəhərdəki kino zalları və sərgi salonlarındakı film və təqdimatlar barədə ətraflı məlumat almaq mümkündür. Həmçinin teatrlarda tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, qalereya, konsert zalları və kinoteatrların ümumi afişası ilə yanaşı, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da verilib.

Fevral ayı xalqımızın yaddaşına Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə həkk olunub. “Afişa” əlavəsində bu hüznlü tarixlə bağlı mədəniyyət ocaqlarında keçiriləcək tədbirlər qeyd edilib, həmçinin birinci səhifədə Xocalının səhnə yaddaşı olan “Arzu və Murad” tamaşasına (Gənc Tamaşaçılar Teatrında) xüsusi yer verilib.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan “Afişa” əlavəsində hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı seçə, bu məkanlarda istədiyi günə, saata uyğun tamaşa, konsert, film, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

“Mədəniyyət+Afişa” nəşri Mədəniyyət Nazirliyinin və “ASAN Xidmət”in dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında yayılır. Nəşrin fevral buraxılışı yanvarın 31-dən etibarən “ASAN Xidmət” mərkəzlərində sakinlərə təqdim olunur. “ASAN Xidmət” əməkdaşları vətəndaşlara nəşr haqqında məlumat verirlər.

1 saylı “ASAN Xidmət” mərkəzinə gəlmiş Aytac Həsənova deyir ki, şəhərimizin mədəniyyət ocaqları haqqında belə bir nəşrin hazırlanması təqdirəlayiqdir: “Qəzetdə Bakıdakı mədəniyyət müəssisələrində təşkil olunacaq mədəni tədbirlər haqqında geniş məlumatlar var. Rəngarəng fotolar da diqqət çəkir”.

Maarif İsmayılov da Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən layihəni yüksək qiymətləndirir. Deyir ki, belə bir nəşrin ərsəyə gəlməsi şəhərimizin mədəni həyatına işıq salır. Bu həm də bizi mədəni tədbirlərdə iştiraka sövq edir.

Mərkəzə gələn vətəndaşlardan Azər Rüstəmov “Afişan”ı maraqla vərəqləyir, təəssüratını bizimlə bölüşür: “Mədəniyyət hər bir millətin inkişafının başlıca təməlidir. Mədəniyyət Nazirliyinin bu layihəsini əhəmiyyətli hesab edirəm. Burada, “ASAN Xidmət” mərkəzində gözəl xidmətin olduğu bir yerdə belə bir aksiyanın keçirilməsi də təqdirəlayiqdir”.

Qeyd edək ki, “Afişa” əlavəsinin fevral buraxılışını paytaxtın teatrlarında, digər mədəniyyət ocaqlarında da pulsuz əldə etmək olar. Nəşrin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir.