Və ya gəncliyin səhnəsində “oynanılanlar”dan
Mənəvi-estetik zövq, fərqli sənət, yaradıcılıq tələbatları arasında səhnə, teatr haradadır? Bu gün müasir insanın, xüsusən də sürətli tərəqqiyə meyilli gəncliyin yaradıcılıq sahələrindən tələbləri geniş müzakirə olunmaqdadır. Çünki zaman-zaman “Gələcək gənclərin çiyinləri üzərində qurulur”, “Yeni nəsil yeni düşüncə tələb edir” kimi şüarlara söykənir, bir növ, sabahın sığortasına çalışırıq. Amma gəlin görək peşəkar sənət, məsələn, fundamental sənət missiyalı teatr olaraq bu nəsil tamaşaçıya nə veririk? Digər tərəfdən, ümid bəslədiyimiz gəncliyin sənətə meyli, potensial imkanları hansı səviyyədədir? Teatrımızda gənclərin və gəncliyin yeri qaneedicidirmi? Fərqli profilli bir neçə teatr təmsilçisi ilə bunu ayırd etməyə çalışdıq...
İlk olaraq yaradıcılıq düşüncəsində, rejissor kimi təcrübəsində hər zaman bir addım irəliyə tələsən Əməkdar incəsənət xadimi, Yuğ Dövlət Teatrının baş rejissoru Mehriban Ələkbərzadənin fikirlərini öyrəndik. Həmsöhbətim ümumilikdə teatrın özünə konseptual baxışın dəyişməsini vacib sayır: “Teatr incəsənətin canlı, bəlkə də ən təsirli növüdür. Bu, tamaşaçıdan da hazırlıq, intellekt, estetik zövq tələb edir. Ən azından ədəbiyyat, rəsm, musiqi kimi sahələrdən, az da olsa, hazırlıq istəyir. Bunlar olmadan teatr yalnız seyr ediləcək, baxaraq keçiləcək təsirdən başqa bir şey deyil. Teatr səni seyrçiyə yox, hadisənin iştirakçısına çevirir, birbaşa məlumatlandırır. Həyəcanlanmağa, axtarışlar etməyə, bir nəticəyə gəlməyə vadar edir. Və biz baxa-baxa bu hadisənin iştirakçısına çevrilirik. Deməli, aydın görmək, dərk eləmək üçün daha çox mesaj göndərmək imkanımız olur. Amma gəlin ondan başlayaq ki, gənclik teatra nə qədər bağlıdır? Çoxsaylı asan vasitəli incəsənət növləri var ikən daha çətin, sintetik sənətə meyillidirmi bizim gənclər? Buna birmənalı cavab vermək çətindir. Məncə, elə deyil. Anlayıram da. Tərəqqinin, texniki inkişafın, 4-6D formatlı filmlərin, fərqli əyləncələrin, adrenalin həvəskarlarının bu çətin incəsənət növünü sevməsini gözləmək, həm də kütləviliyini istəmək nə qədər realdır? İllah da indi. Bu mənada teatr zövqü bir sıra mənəvi tələbatlardan sonra gəlir. Yəni gənclər kütləviliklə teatra gəlmirlər”.
Teatra məhz istəyərək, sevərək gələnləri qazanılan tamaşaçı hesab edən rejissor bunun üçün əsas meyarın istəyə əks reaksiya verməmək olduğunu düşünür. Onun fikrincə, məhz tamaşaçıya fokuslanmaqla, bir növ onun əlindən tutmaqla elə öyrəşdirmək, alışdırmaq mümkündür: “İstədikləri texnoloji tələbləri, fərqli metodları tətbiq etmək yolu ilə də olsa, ilk olaraq gənc dediyimiz o nəsli gətirmək lazımdır. Çünki heç bir sənət teatrın verəcəyi zövq qədər güclü və qalıcı deyil. Bu da böyük mənada onların yüksək olan zövqünə xidmət etməlidir. Gəncləri teatra gətirmək, 60-70-ci illərin axınını bərpa etmək rejissor olaraq hər birimizin ümdə məsələsidir”.
Rejissor teatrda, ümumilikdə ölkədəki yaradıcılıq mühitində gənclərin yerinin də qənaətbəxş olduğunu bildirdi: “Bu uzun, əziyyətli, sevgi istəyən teatr yolunda gənclərimiz var və bu çox müsbət, ümidverici haldır. Yuğ teatrı isə elə gənclər üçün, onların aparacaqları eksperimentlər, cərəyanlar üçün ən münbit yerdir. İstənilən ənənəvi, klassik teatrda həyata keçməsi problemli olan bir çox rejissor inikasları bu teatrda çox rahat reallaşa bilər. Çünki bu teatr səhnəsi teatr sənətindəki yeniliklərə daha açıqdır, komplekssizdir”.
Bəs klassik musiqi, balet və operalar, fundamental musiqi nümunələri ilə gənclik arasında rabitə necədir?
Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva: “Səhnədə nəsillərin dəyişməsi labüddür. Bu nöqteyi-nəzərdən Opera və Balet Teatrının hər teatr mövsümündə istər vokal və balet truppası, istərsə də xor və simfonik orkestrinin tərkibində yaşlı nəsli tədricən gənclər – Bakı Xoreoqrafiya Akademiyası, Milli Konservatoriya və Bakı Musiqi Akademiyasının istedadlı məzunları əvəz edir. Hər il onlarla gənc balet artisti və opera ifaçısı səhnədə debüt edir və sonradan onların sırasından adlı-sanlı ifaçılar yetişir”.
Həmsöhbətim deyir ki, Opera və Balet Teatrının tamaşaçı kontingenti müxtəlif yaşlı insanları əhatə edir. Onlar arasında gənclər də kifayət qədərdir: “Sırf gənclərə hesablanmış tamaşalarımız olmasa da, istər milli, istərsə də klassik opera və balet sənəti nümunələri səhnəyə qoyularkən tamaşaçılar içərisində musiqini, baleti sevən xeyli sayda gəncləri görmək olar. Xüsusən də musiqi və rəqs təmayüllü orta ixtisas və ali məktəblərin tələbələri”.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı qeyd olunan məsələyə münasibətində repertuar siyasətinin daha önəmli olduğunu bildirir. Onun fikrincə, teatr öz missiyasını icra edir. Tamaşaçı da seçmək hüququndan istifadə edir: “Repertuar siyasəti bütün yaş təbəqələrinə hesablanır və elə belə də olmalıdır. Bizim teatrın səhnəsində istər klassik və müasir dünya, istərsə də Azərbaycan dramaturgiyasından maraqlı səhnə əsərləri var. Ümumiyyətlə, teatrın tamaşaçıları müxtəlif yaş kateqoriyasından olan insanlardır. Əgər teatra ibtidai sinifdə oxuyan şagirdlər, gənclər, ortayaşlı insanlar, ömrün ahıllığını yaşayan şəxslər gəlirsə, deməli, mədəniyyət ocağı bütün yaş kateqoriyası üçün maraqlıdır, cəlbedicidir. Teatrın gənclərin tərbiyəsinin, mənəviyyatının, dünyagörüşünün formalaşmasında böyük rolu var. Biz də çalışırıq ki, bu istiqamətdə öz töhfəmizi verək”.
Gənclərin truppada yerinə gəlincə: “Gənc aktyorlar ölkənin ən böyük teatrının səhnəsində görünməyə hər zaman can atır, bunu arzulayırlar. Teatrda gənc və çox istedadlı aktyorlar var, onların yaradıcı imkanlarını təqdim etməsi üçün də bütün imkanlar yaradılıb”.
Azərbaycan Dövlət Musiqili Teatrında yaradıcı gənclərə münasibət və gənc nəslin bu sənət məkanına marağı barədə teatrın mətbuat katibi Fəridə Aslanova danışdı: “Ölkəmizdə teatr sənətinə gənclərin marağı qənaətbəxşdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Bakı Xoreoqrafiya Akademiyası və müxtəlif incəsənət yönümlü tədris ocaqlarının bir çox tələbə və məzunlarının sənət yolu teatrlardan keçir. Bizim teatrda da rəhbərlik tərəfindən gənclərə böyük diqqət göstərilir. Müsabiqələr təşkil olunur, hər bir yaradıcı sahəyə gənc kadrlar dəvət olunur. Hazırda kollektivdə yer alan Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova və digərləri teatra tələbə vaxtlarından cəlb olunublar. Orkestr, xor və balet artistlərinin demək olar ki, əksəriyyəti gənclərdir. Eləcə də texniki heyətdə savadlı və bacarıqlı gənclər çalışırlar”.
F.Aslanova son illər teatra gənclərin tamaşaçı olaraq marağının artığını da deyir.
Gənclərin sevimli məkanlarından olan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevin fikrincə, teatrın gənclik potensialı daim olub və bu, belə də qalacaq. Çünki zamanın sürət tempinə uyğunlaşmayan heç bir yaradıcılıq məhsulu yaşaya bilmir: “Xalq artisti Bəxtiyar Xanızadə bu teatrı yaradanda onu gənclərin üzərində qurub. Bu gün də aktyorlarımızın əsas hissəsini gənclik təşkil edir. Ona görə də mən istər tamaşaçı, istərsə də aktyor potensialı məsələsində gənclərlə bağlı nikbinəm. Hazırda teatra tələbat var və hər gənc bura gəlmək istəyir. Elə özümüzü də o gənclərdən ayırmırıq. Gəncləri düşündürən tamaşalar qoyduğumuzdan tamaşaçılarımızın da əksəriyyəti gənclərdir. Sevinirəm ki, gənclərin teatra axını var”.
Binası qoyulandan əsas seyrçi kontingenti olaraq gənclərə hədəflənən Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi, yazıçı Pərvin Nurəliyeva da mövzu ətrafında fikirlərini bölüşdü: “Adından da göründüyü kimi, bu teatr daha çox gənclərin mənəvi-estetik zövqünün formalaşmasına xidmət edir. Eyni zamanda tamaşalarımıza və repertuarımıza nəzər salsaq görərik ki, burada hər zövqdə tamaşaçı, hər yaş nəsli üçün maraqlı əsərlər var. Həm klassikaya, həm də yeni müəlliflərə müraciət olunur. Gənclərin teatrdan gözləntilərinə cavab verməyə, onların mənəvi tələbatlarının ödənilməsinə çalışırıq və bunu teatrımızın sosial şəbəkələrdəki ünvanlarına gələn tamaşaçı rəyləri təsdiqləyir, eləcə də teatrşünasların yazılarında görürük. Əlbəttə, yaradıcı fəaliyyət daima yenilənməlidir və biz də bunun tərəfdarıyıq”.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov bu mənada əsas yükün məhz elə öz teatrlarının üzərinə düşdüyünü deyir. Onun fikrincə, uşaq teatra sevgi ruhunda böyüdükdə o vərdişindən əl çəkə bilmir. Uşaqların teatral zövqünü formalaşdıran ilk ünvan da Kukla teatrıdır: “Düşünürəm ki, uşaqlıqdan aşılanan milli-mənəvi dəyərlərdən bəşəri ideyalar konsepsiyasınadək hər bir təlqinin nüvəsində sevgi durmalıdır. Bu mənada teatra da sevgi formalaşdırılmalıdır. Ən azından yeniyetməlik və gənclik dövrünə keçən teatrsevər nə qədər fərqli və yeni əyləncələrə meyillənsə də, şüuraltında teatrın nə ehtiva etdiyini daim xatırlayacaq. Mütləq yolu oradan da keçəcək. Ona görə də istərdim ki, bütün valideynlər uşaqlarını teatra aparsınlar”.
Həmidə NİZAMİQIZI