Builki “Gəncliyin səsi” festivalı maraqlı incəsənət layihələri ilə diqqət çəkdi

Gənclər günü münasibətilə ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının tədbirlər proqramı bu il də zəngin idi. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi məqsədini daşıyan festival maraqlı incəsənət layihələri ilə də diqqət çəkdi.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Mədəniyyət Nazirliyinin  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birlikdə 1-5 fevral tarixində keçirdiyi festivalın sənət təqdimatları paytaxt Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonları da əhatə etdi. Bu sırada gənc incəsənət həvəskarlarının iştirakı ilə təqdim olunan teatr tamaşalarını xüsusi qeyd etmək lazımdır.

“ASAN Könüllüləri” təşkilatı üzvlərinin Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynadıqları Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyası, İmişli “ASAN Həyat” kompleksində “ASAN Könüllüləri”nin təqdimatında Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” pyesi maraqla qarşılanıb.

Fevralın 5-də, festivalın sonuncu günündə isə Azərbaycan Dövlət Musiqili Teatrında “ASAN Xidmət”in Bakı şəhər 5 saylı mərkəzinin könüllüləri Cəfər Cabbarlının “Vəfalı Səriyyə” pyesi əsasında hazırlanan tamaşanı təqdim etdilər. Ölkə başçısının Cəfər Cabbarlının 120 illiyi ilə bağlı sərəncamına uyğun olaraq səhnələşdirilən tamaşa  “ASAN Könüllüləri”nin ərsəyə gətirdiyi sayca 20-ci səhnə əsəridir.

Tamaşadan sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının əhəmiyyətindən bəhs etdi, tamaşanın hazırlanmasında dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi, gənclərə uğurlar arzuladı.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirdi ki, tamaşa böyük ədibin yubileyinə töhfədir. O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırdı.

Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, “ASAN Xidmət”in İnsan resursları və təlim şöbəsinin rəhbəri Orxan Dəmirli çıxış edərək gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına zəmin yaradan festivalın önəmindən bəhs etdilər. Tamaşanın quruluşçu rejissoru Könül Hüseynli və iştirakçılara təşəkkürnamələr təqdim edildi.

GÜLCAHAN