Gənclər günü münasibətilə keçirilən “Gəncliyin səsi” festivalı ildən-ilə öz çərçivəsini genişləndirir. 2016-cı ildən başlayaraq, Mədəniyyət Nazirliyinin bu layihəsinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə də qoşulub. İndiyədək bir çox dövlət, ictimai xidmət sahələrində uğurlu fəaliyyət göstərən “ASAN Könüllüləri” təşkilatı bu festivalda öz qabiliyyətlərini incəsənət sahəsində də sınayırlar.

Fevralın 2-də festival çərçivəsində ASAN könüllülərinin Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasını oynaması gənclərimizin hər sahədə uğur qazana biləcəyinə sübut idi. 

Tamaşadan əvvəl Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar şöbəsinin müdir müavini Fərman Kazımov çıxış edərək gənclərə göstərilən dövlət qayğısından, gənclərin  təhsil və karyerada irəliləyişləri üçün münbit şəraitin yaradıldığından söz açdılar.

Sonra ASAN könüllüləri səhnəyə çıxdılar. Təbii ki, onların çıxışı özfəaliyyət səviyyəsində idi, tamaşadakı ariyalar, mahnılar fonoqram oxunurdu, dekorasiya, demək olar ki, yox idi. Lakin cavanların cəsarətlənib Üzeyir bəyin əsərinə müraciət etməsi, Əsgərin, Gülçöhrənin qəliz mətnli ariyalarını öyrənib oxuması elə böyük təqdirə layiqdir. Hətta Soltan bəy və Vəli obrazlarının ifaçılarının peşəkar aktyor kimi improvizəyə həvəs göstərmələri də tamaşaçıların diqqətindən yayınmadı.

Tamaşadan öncə də öyrəndik ki, ASAN könüllüləri ikinci dəfədir ki, bu tamaşanı Sumqayıtda oynayırlar.

“Arşın mal alan” tamaşasının sonunda ən xoşagələn cəhət isə bu oldu ki, tamaşa iştirakçıları, eləcə də tacir Əsgərin qızbəyənmə səhnəsində rəqs edən milli geyimli qızlar salona düşərək yallı getdilər. Onlar sıraların arası ilə keçdikcə salonda əyləşmiş tamaşaçı-könüllülər iştirakçılara qoşuldular, beləcə, dəstə səhnəyə sığışmayacaq qədər böyüdü. Gənclər səhnədə 2 fevral – Gənclər gününə həsr olunmuş mahnını xorla ifa etdilər.   

Belə bir deyim var: ən yaxşı yenilik elə unudulmuş köhnəlikdir. “ASAN Könüllüləri” təşkilatının özfəaliyyət kollektivi olaraq tamaşa hazırlaması, gənclərin həvəslə aktyorluq etməsi onların işdən, dərsdən boş qalan zamanlarını dəyərləndirməsi, teatr sənətinə bir addım yaxınlaşaraq keçirməsi yaşıdlarına yaxşı örnəkdir.

G.MİRMƏMMƏD