Xəbər verdiyimiz kimi, İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin tamaşası hazırlanır.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları İdarə heyətinin üzvü Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.
Məlahət Abbasova AZƏRTAC-a müsahibəsində Hüseyn Cavid kimi dahi bir ədibi türk tamaşaçısına tanıtmağı özünə borc bildiyini deyib: “Bu əsəri səhnələşdirmək mənim 28 illik arzum idi və mən bu istəyimə nail oldum. Hədəfimiz tamaşanın uğurlu alınması ilə yanaşı, Hüseyn Cavidi türk tamaşaçısına layiqincə çatdırmaqdır. Mənim fikrimcə, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün də öz aktuallığını qoruyur və çox təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir”.
Layihəyə İstanbul Şəhər Teatrlarının müdiri Sedat Çakır tərəfindən böyük mənəvi dəstəyin verildiyini bildirən Məlahət Abbasova tamaşanın uğurlu alınacağına inandığını deyib.
Tamaşada Türkiyənin tanınmış aktyorlarından Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık iştirak edirlər. Səhnə əsərinin musiqisini Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə yazıb.
Bu tamaşada ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə ediləcək. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğunun tamaşanı daha da baxımlı edəcəyi gözlənilir. Məşqləri davam edən səhnə əsərinin mart ayında tamaşaçılara təqdim olunması planlaşdırılır.