Martın 3-də ABŞ-ın Los Anceles şəhərində ənənəvi “Oskar” mükafatlarının təqdimat mərasimi olub. Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi mükafat 86-cı dəfə keçirilən mərasimdə 24 nominasiya üzrə qaliblərə təqdim olunub.

Təntənəli mərasim “Hollywood and Highland” əyləncə mərkəzinin “Dolby” teatrının səhnəsində baş tutub.
"Ən yaxşı film" nominasiyasında kino sahəsinin ən nüfuzlu mükafatını rejissor Stiv Makkuinin “Köləliyin 12 ili" filmi qazanıb. Ekran əsəri “Ən yaxşı adaptasiya olunmuş ssenari” nominasiyasında da “Oskar” qazanıb.
“Cazibə qüvvəsi” kosmik dramına quruluş verən Alfonso Kuaron “Ən yaxşı rejissor” adını qazanıb. Bu film həmçinin “Ən yaxşı xüsusi effektlər”, “Ən yaxşı səs”, “Ən yaxşı səs montajı”, “Ən yaxşı operator işi”, “Ən yaxşı montaj”, “Ən yaxşı musiqi” nominasiyalarının da qalibi olub.
İtalyan rejissor Paolo Sorrentinonun “Böyük gözəllik” filmi “Xarici dildə ən yaxşı film”, kinorejissor Morqan Nevillin “Ulduz olmağa 20 fut qalmış” sənədli filmi “Ən yaxşı sənədli film”, danimarkalı Anders Valterin “Helium” filmi “Ən yaxşı qısametrajlı bədii film”. “6-cı nömrədəki ledi” “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qızıl heykəlciyə layiq görülüb.
Aktrisa Keyt Blanşett kinorejissor Vudi Allenin “Yasəmən” filmindəki baş roluna görə “Ən yaxşı aktrisa”, Mettyu Makkonehi “Dallas alıcılar klubu”ndakı baş roluna görə “Ən yaxşı aktyor” nominasiyalarında “Oskar” alıb.
“Arxa planda ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”a aktyor Cared Leto, “Arxa planda ən yaxşı qadın rolu” nominasiyasında isə “Köləliyin 12 ili” filmindəki roluna görə aktrisa Lupita Nionqo layiq görülüblər.
“Böyük Qetsbi” filmi “Ən yaxşı kostyum dizaynı” və “Ən yaxşı prodüser dizaynı”, “Dallas alıcılar klubu” lenti “Ən yaxşı qrim”, “Disney” studiyasının çəkdiyi “Frozen” (“Donmuş qəlb”) “Ən yaxşı animasiya filmi”, “Cənab illüminator” “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyalarında “Oskar” qazanıblar. “Ən yaxşı mahnı” nominasiyası “Donmuş qəlb” animasiya filminin musiqisinə verilib.
Dünya kinematoqrafına verdiyi töhfələrə görə fəxri “Oskar”lar aktrisa Ancela Lensberi, aktyor Stiv Marin və kostyumçu Pyero Toziyə təqdim olunub. Cin Herşolt adına humanitar mükafata Ancelina Coli layiq görülüb.