Bu ildən etibarən “Azanfilm” studiyası yeni çoxseriyalı cizgi filmləri istehsal edəcək. Artıq aprel ayından hər biri yeddi dəqiqə olmaqla ikihissəli “Say” və “Rənglər” filmlərinin istehsalına başlanılacaq. “Say” filminin ssenari müəllifi Esmira Məmmədova və Ramil Ələkbərov, rejissoru Yusif Quliyev, rəssamı isə Ramil Əliyevdir. Növbədə isə “Əlifba” və “Saat” adlı cizgi filmlərinin çəkilişləri var.
Studiya uşaqlar üçün maarifləndirici filmlərin istehsalına qərar verib. Hazırda “Köhnə mismar” adlı klassik janrlı filmin istehsalına başlanılıb. Ekran əsərinin quruluşçu rejissoru Cavid Əhədov, rəssamı Firəngiz Qurbanovadır.
“Azanfilm”in direktoru Fariz Əhmədov bildirdi ki, studiyada 3D formatında “Ən güclü kimdir” adlı filmin çəkilişləri başa çatıb. Bu, çoxpersonajlı bir filmdir. Bir aya Mədəniyyət və Turizm Nazirliyinə təhvil veriləcək. Filmlərin səsləndirilməsi ilə bağlı kastinqlər keçiriləcək və seçimlərdən sonra filmləri kimlərin səsləndiriləcəyi məlum olacaq. “Rənglər” filmi isə bütünlüklə musiqi üzərində qurulduğu üçün filmi uşaq musiqi qrupları səsləndirəcək.
Studiyada yeni layihələr bir-birini əvəzləyir. Heykəltəraş Həyat Abdullayevin həyat və yaradıcılığından bəhs edən “Həyatın işığı” adlı sənədli film də tamamlanmaq üzrədir.

Lalə Azəri