Sənədli filmin təqdimatı keçiriləcək

Martın 14-də Nizami Kino Mərkəzində tanınmış rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında çəkdiyi "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimatı keçiriləcək.
Ekran əsəri görkəmli heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilib. Sənədli filmdə sənətkarın zəngin yaradıcılığı və ömür yolundan bəhs olunur, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlanır.
Həyat Abdullayeva heykəl-portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin müəllifidir. "Ana", "Yeddi gözəl" heykəlcikləri, "Həcər", "Gənclik", "Lay-lay" heykəl-kompozisiyaları, Molla Pənah Vaqifin abidəsi, "İki qız", “Vəcihə Səmədovanın portreti”, "Sənsiz" və s. əsərlərlə təsviri sənətimizdə özünəməxsus iz qoyub.