Özbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni aktyor heyəti tərəfindən səhnələşdirilmiş tamaşası nümayiş olunub.
Tamaşanın təqdimatında Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Operettaya Əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Əsas rolları Aman Yuldaşev, Dilarom Abdualimova, Nargiza Şaxobova, Musallam Dadajonova, Marifat Artikova ifa edib.
“Arşın mal alan” Özbəkistanda ilk dəfə 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
1922-ci ildə əsərə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar səhnə həyatı veriblər. Tamaşa sonrakı illərdə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim edilib. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrında “Arşın mal alan” rus dilində səhnələşdirilib.