Prezident İlham Əliyev fevralın 14-də Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Ötən dövrdə özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir.
Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri var. Şəhərin davamlı yeniləşən həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Sərəncamda Sumqayıt Şəhər İcra Hakimiyyətinə şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.