14 fevral – “Beynəlxalq kitab bağışlama günü” ölkəmizdə də qeyd edilib

Dünyanın bir çox ölkələrində 14 fevral “Beynəlxalq kitab bağışlama günü” kimi qeyd olunur. Ölkəmizdə də bir neçə ildir ki, qeyd edilən bu əlamətdar gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.

Bu münasibətlə fevralın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 5 saylı “ASAN Xidmət” mərkəzində tədbir keçirildi.

Kitabxananın direktoru Şəhla Qəmbərova bildirdi ki, kitab bağışlama günü təqvimdə ən gənc bayramlardan biridir: “2014-cü ildən bu əlamətdar gün ölkəmizdə də qeyd olunur. Respublika Uşaq Kitabxanası bu münasibətlə hər il müxtəlif məkanlarda tədbirlər təşkil edir. Bu il belə bir tədbiri ölkəmizdə nümunəvi fəaliyyəti ilə vətəndaşların rəğbətini qazanmış “ASAN Xidmət” mərkəzində təşkil etmək qərarına gəldik. Mərkəzin xidmətlərindən istifadə edən valideynlərlə gəlmiş uşaqlara kitablar paylanılır. Tədbirdə 500-dək uşaq ədəbiyyatı nümunəsi, jurnallar balaca oxuculara hədiyyə olunacaq”.

Kitabxananın direktoru onu da əlavə etdi ki, bu təşəbbüs ildən-ilə daha geniş dəstək qazanır. Bu işdə məşhur müəlliflərin, bloqqerlərin, uşaq yazıçılarının dəstəyi mühüm rol oynayır.

Qeyd edək ki, 2012-ci ildən qeyd edilən bu əlamətdar gün ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər həmrəylik nümayiş etdirərək insanları həmin günü “uşaqlara kitab bağışlama günü” olaraq qeyd etməyə çağırıb.

İnsanların bir-birinə kitab bağışlaması xoş ənənədir. Xüsusilə uşaqlar üçün kitab hədiyyəsi onların yaddaşında gözəl xatirə kimi yaşayır.

* * *

Fevralın 14-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da da “Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar tədbir keçirilib.

Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdləri burada əlamətdar günü qeyd ediblər.

Milli Kitabxananın direktoru, professor  Kərim Tahirov çıxış edərək mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışıb. Bildirib ki, bu gün kitabsevərlər üçün ən gözəl bayramdır. İllərdir oxuduğumuz kitabları başqalarına, ətrafımızdakı maraqlanan insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə, bununla mütaliəni dəstəkləyə və təşviq edə bilərik.

Görüşdə şagirdlərə Milli Kitabxana tərəfindən Azərbaycan ədəbiyyatına dair kitablar hədiyyə edilib, şagirdlər şeirlər söyləyiblər.

Məktəbin müəllimi Ceyran Quliyeva görüşdən məmnun qalan şagirdlər adından Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

FARİZ
LALƏ