İstənilən yaradıcı məhsulun, təxəyyülün nüvəsində istedad dayanır. Bir də əzm və özünütənqid, daima yaradıcılıq axtarışında olmaq var. Bu mənada Xalq artisti, görkəmli səhnə ustası İlham Namiq Kamal yaradıcılığı hər zaman maraqla qarşılanan sənətkardır.
Uzun və zəngin səhnə həyatına fərqli teatrlarda onlarla obrazı, televiziya tamaşaları və bədii filmlərdə koloritli rolları daxil edən 70 yaşlı aktyor bu yuvarlaq rəqəmi də özü və tamaşaçıları üçün fərqli və yaddaqalan etmək istəyir. Milli səhnəmizdə bəşəri ideallı “Bizim Don Kixot” kimi...
Maraqlı ideyanın hazırlıq prosesini biz də izlədik. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında məşqləri gedən tamaşa mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” əsəri əsasında səhnələşdirilir. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Birhissəli müzikl kimi təqdim olunacaq tragikomik səhnə nümunəsinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı (mahnıların sözləri Rəhman Əlizadənindir) Əməkdar artist Vüqar Camalzadədir. Düşünürəm ki, tamaşaçılar bu əsər vasitəsilə tam fərqli, obrazındakı Don Kixota İlham Namiq Kamal diktəsi edən usta bir oyunu izləyəcəklər…
Məşqi izləyərkən yadıma peşəkar aktyorluq məktəbimizin banilərindən sayılan Cahangir Zeynalovun tələbəsi Mirzağa Əliyevə dediyi “Məbadə-məbadə tamaşaçıları güldürməyə çalışasan. Ancaq obrazı düzgün verməyə çalış. Tip və surət düzgün verilirsə, o vaxt öz-özünə gülüş əmələ gələcək” sözləri düşdü. Böyük aktyorun bu fikirləri, əslində, komik teatrın ən zəruri elementlərindən birini ifadə edir: səhnədə varlığı, həqiqəti düzgün ifadə etmək, güldürməkdən daha çox düşündürməyə, məsələnin mahiyyətinə nüfuz üçün gülüşün özündən belə bir alət kimi yararlanmaq.
Elə qəhrəmanımızın da komik səpkili obrazlarına diqqət yetirsək, onları realist sənət prinsiplərinə və gerçəkliyə uyğun tərzdə canlandırdığını görürük. Məşq prosesində də bu konseptual yanaşma hakim idi. Aktyor oyununda ənənəyə, əvvəlki sənət məktəblərinə, ustadlara yaradıcı şəkildə yanaşan, onlardan öyrənən, amma təqlid yolunu tutmayan bir sənətçi olduğunu bir daha göstərir. Tam əminliklə demək olar ki, o, dünya ədəbiyyatının bu korifey obrazına «millilik statusu» bəxş edir, obrazı bütün temperamenti ilə əks etdirməyə çalışır və gözlərimiz qarşısında Azərbaycan Don Kixotunu yaradır.
Aktyorun bu analizə özünəməxsus əsası da var. Deyir: “Əhmədağa nə qədər Don Kixotlaşsa da, öz milliliyini, elmini, dünya dərkini, təhkiyeyi-kəlamlarını unutmur. Sabirdən, Mirzə Cəlildən, Füzulidən, Nəsimidən nümunələr gətirərək öz keçmişindən, öz ümumbəşəri dəyərlərindən qopmur və öz yanğısını ifadə formasındakı müxtəlifliklərdən asılı olmayaraq, bir məqsədə yönəlir: insanlığa. Bütün maddi dünyadan qopur və öz həqiqətinə çağırır”.
İllərdir fərqli teatrların səhnəsindən tamaşaçılarına səslənən aktyor bu dəfə də onları Kukla teatrında salamlamaqdan məmnunluq duyacağını da əlavə etdi: “Tamaşaçıların reaksiyası mənim üçün çox maraqlıdır. Hansı teatr olursa olsun, vacib olan maraqlı tamaşa və ona maraqla baxan tamaşaçısıdır. Bu mənada önəmli olan yaxşı, baxımlı tamaşa hazırlamaqdır. Belə olduqda tamaşaçı gələcək. Böyüklər üçün hazırlanan bu tamaşada dünyanı dərketmə prinsipindən söz açılır. İnsanın çirkablara müqavimət göstərib daxili təmizliyini saxlamaq əzmindən danışılır. Mənə elə gəlir ki, Don Kixot da, Əhmədağa da saf insanlardır. Həyatda isə saf insanları qorumaq lazımdır. Mən də onu o cür yaratmağa çalışacağam. Əgər tamaşaçı da onu o cür qəbul etsə, bu həm də sənətin uğurudur”.
Rejissor Qurban Məsimov müasir günümüzlə səsləşən tamaşa hazırlamaq təklifini maraqla qarşıladığını deyir: “Özünütəsdiq problemi yaşayan, gerçəkliyin burulğanında faciəsini dərk etməyə qorxan Əhmədağanın Don Kixotlaşması özlüyündə maraqlıdır. Səhnə materialı alt qatdakı ideyaya impuls üçün əvəzsizdir. Bununla Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Axı o da yalana, ədalətsizliyə, haqsızlığa qarşı vuruşurdu. Bu mənada tamaşa Əhmədağanın mübarizəsidir. Təbii ki, Don Kixot maskası ilə”.
Qurban Məsimov deyir ki, Don Kixotlar həmişə olub. Elə olacaq da. Don Kixotluq Əhmədağanın maskası, söz demək vasitəsidir: “Əsər sovetlərin dağıldığı dönəmdə yarandığından o dövr insanının problemlərini önə çəkir, hədəf kimi kommunizm ideologiyasını göstərir. Əsərdəki mövcud problemlərə bəşəri kontekstdən yanaşmağa çalışmışıq. Yəni bu narazılıqlar, anlaşılmazlıqlar Yer kürəsinin hər yerində baş verə bilər. Əsas faktor insandır və o, firavan bir cəmiyyət arzulayır”.
Quruluş müəllifi əsərdən fərqli olaraq tamaşanı gözlənilməz sonluq ilə bitirəcəyini, onun faciəsinə fərqli rakursdan baxacağını deyir. Rejissor satira, fantasmaqoriya, nağılvarılıq, uydurma kimi hal-vəziyyətlərin musiqinin ifadəsində tamaşaçıya çatdırılacağını da əlavə edir. Bu obrazlılıqda teatrın aktyorlarının da ifası nəzərdə tutulur.
Son olaraq onu da qeyd edək ki, tamaşa martın ortalarında sənətsevərlərin ixtiyarına veriləcək.
Həmidə NİZAMİQIZI