Gəncə Dövlət Dram Teatrının sənət yolu
Hələ XIX əsrin sonlarında Gəncədə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərirdi.
1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoymağa müvəffəq oldular. 1898-ci ildə göstərilən “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Gəncənin istedadlı gəncləri öz səhnə bacarıqlarını göstərə bilmişdilər. 1906-cı ildə “Gəncə Müsəlman Dram Məclisi” adlı 38 nəfərdən ibarət truppa təşkil edilmiş və truppaya rəhbərlik Ələsgər bəy Xasməmmədova tapşırılmışdı. Truppanın fəallarından Mirzə Məhəmməd Axundzadə, Məmmədbağır Şıxzamanzadə, Rüstəm bəy Mirzəzadə, Talıb bəy Məmmədzadə və digərlərinin adlarını qeyd etmək olar. Bu illərdə truppa “Nadir şah”, “Qan ocağı”, “Dursunəli və Ballıbadı”, “Bəxtsiz cavan” əsərlərini tamaşaya hazırlayaraq Gəncədə nümayiş etdirmişlər. 1909-cu ildə Gəncədəki yerli həvəskarların dram cəmiyyəti Gəncə sənət məktəbinin müəllimi Mirzə Məhəmməd Axundzadənin teatr sənətinin nəzəri problemlərini əks etdirən “Teatro nədir?” əsərini çap etdirmişdir. 1915-ci ildə Hacı Yusif Həmzəyevin evində qadınlar üçün nümayiş etdirilmiş “Döymə qapımı, döyərəm qapını” tamaşası böyük maraq doğurmuşdu. Tamaşadan bir neçə gün sonra şəhər qadın məktəbinin müdiri Xədicə xanım Ağayevanın rəhbərliyi ilə müəllimələrdən ibarət bir truppa yaradılmışdı.
Bütün bunlarla yanaşı, həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə Gəncədə “Qız məktəbi” şagirdlərinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə bu truppaya rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub.
Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Burada görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib.
Azərbaycanda sovet hakimiyyəti qurulduğu illərdə Gəncədə bir neçə dram dərnəyi, eləcə də həvəskarlardan ibarət truppalar fəaliyyət göstərirdi. “Nadir şah”, “Müsibəti-Fəxrəddin”, “Pəri cadu”, “Arşın mal alan”, “Evli ikən subay”, “50 yaşında cavan” və başqa əsərlərin müvəffəqiyyətlə tamaşaya hazırlanması dram dərnəkləri və teatr truppalarının əməli fəaliyyətlərinin nəticəsi idi.
1932-ci ildə Gəncə Dövlət Dram Teatrının təşkili 1921-ci il noyabrın 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə yaradılan “Bakı Azad Tənqid-Təbliğ Teatrı”nın tarixi ilə bağlıdır. Sonradan bu teatr (1927-ci ildən 1932-ci ilədək) Bakı Türk İşçi Teatrı kimi fəaliyyətini davam etdirib. 1932-ci il dekabrın 28-dən bu teatrın yaradıcı kollektivi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Xalq Komissarları Sovetinin qərarı ilə Gəncəyə köçürülür və “Tənqid-təbliğ” teatrı kimi fəaliyyətini burada davam etdirir. Bu illərdə Gəncəyə köçən teatrın yaradıcı heyətinə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədri, İsmayıl Talıblı, Əhməd Salahlı, Atamoğlan Rzayev, İsmayıl Əfəndiyev kimi sənətkarlar daxil idilər.
Gəncə Dövlət Dram Teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən burada ömrünü sənətə fəda edən sənətkarları, rejissorlar – əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev, Bəhram Əfəndiyev, Hüseyn Sultanov, rejissor Nəsir Sadıqzadə, Yusif Yıldız, xalq artistləri İsmayıl Talıblı, Mehdi Məmmədov, Barat Şəkinskaya, Solmaz Orlinskaya, Ələkbər Seyfi, Muxtar Avşarov, Məmmədrza Şeyxzamanov, Ələddin Abbasov, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Zülfüqar Baratzadə, əməkdar artistlər Əhməd Salahlı, Reyhan Tağıyeva, Məxfurə Yermakova, Sadıq Həsənzadə, Səməd Tağızadə, Əli Rzayev, Ağa Məmmədov, Rza Nadirov, Məmməd Cəfərov, Kərim Sultanov, Firuzə Bədirbəyli, Mənsurə Cəfərova, Ətayə Əliyeva, Yusif Qazıyev, Qurban Abbasov, Simuzər Namazova, Vaqif Məmmədov, Əli Allahverdiyev, Faiq Qasımov və başqa sənət fədailərinin fəaliyyətini xatırlamamaq mümkün deyil. Onlar Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı və bitkin obrazlar qalereyalı tamaşalarla sənətsevərlərin hər zaman diqqət mərkəzində olmağı bacarıblar.
Səməd Vurğunun “Fərhad və Şirin”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İlyas Əfəndiyevin “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Mənim günahım”, Səttar Axundovun “Dağlarda”, Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ”, Şıxəli Qurbanovun “Sənsiz”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Cəfər Cabbarlının “Almaz”, “Oqtay Eloğlu”, “1905-ci ildə”, “Solğun çiçəklər”, Altay Məmmədovun “Ulduzlar görüşəndə”, “Həmyerlilər”, “Bəraət”, Aleksandr Ostrovskinin “Quduz pullar”, Uilyam Şekspirin “Otello”, “III Riçard”, Yusif Əzimzadənin “Unutmayın”, “Anacan”, Qurban Musayevin “Buhenvald harayı”, “Odlu illər”, Sabit Rəhmanın “Küləklər”, “Əliqulu evlənir”, R.Radzinskinin “Sokratla söhbətlər”, Mustay Kərimin “Odu atma, Prometey!”, Əlibala Hacızadənin “İtkin gəlin”, Maqsud İbrahimbəyovun “Cavan qadına yaraşan kişi”, Orxan Kamalın “72-ci kamera”, “Yad qızı”, Dias Valeyevin “Vicdan məhkəməsi”, Aleksey Dudarevin “Astana”, Kiril Topalovun “Məhəbbət və xəyanət”, Nazim Hikmətin “Kəllə”, Əli Səmədovun “Ölüm hökmü”, İmran Qasımovun “Dairəni genişləndirin”, Elçinin “Ölüm hökmü”, “Qatil”, N.V.Qoqolun “Evlənmə”, F.Əliyarbəylinin “Xan qızı”, “Qonşular”, N.Məmmədlinin “Cavad xan”, “Unutmaq istəyirəm”, C.Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, T.Cücenoğlunun “Gözəlçələr” və bir çox başqa maraqlı səhnə həyatı bəxş olunan əsərlər Gəncə Dövlət Dram Teatrının repertuarının əsasını təşkil edib.
Azərbaycanda ilk dəfə olaraq məhz Gəncə Dövlət Dram Teatrının səhnəsində qədim yunan dramaturgiyasına müraciət edən mərhum rejissor, Əməkdar incəsənət xadimi Yusif Bağırov olub. O, Evripidin “Medeya” və Sofoklun “Antiqona” faciələrini ilk dəfə bu teatrın səhnəsində uğurla tamaşaya hazırlayıb. Evripidin “Medeya” faciəsinin ilk tamaşası 12 dekabr 1969-cu ildə, Sofoklun “Antiqona”sı 1976-cı il dekabrın 11-də nümayiş olunub və teatr ictimaiyyətində böyük əks-səda ilə qarşılanıb.
Məlumdur ki, böyük türk şairi və dramaturqu Nazim Hikmət 1951-ci ildən SSRİ-də yaşayıb və onun əsərlərinin təbliği dövlət səviyyəsində bütün teatrlara tövsiyə olunmuşdu. 1953-cü ildə ədibin “Türkiyədə” əsəri (Əkbər Babayevin çevirməsində) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Adil İsgəndərovun quruluşunda təqdim edilmiş, daha sonra 1956-cı ildə “Qəribə adam” və 1960-cı ildə isə “Şöhrət və ya unudulan adam” pyesləri bu teatrda səhnəyə qoyulmuşdu. 1957-ci ildə isə Xalq artisti Məhəmməd Burcəliyevin təklifi ilə Gəncə Dövlət Dram Teatrında Nazim Hikmətin “Kəllə” faciəsi səhnələşdirilib. Tamaşaya ictimai baxış həmin ilin 14 mayında keçirilir. Əsəri türkcədən İslam İbrahimov çevirmişdi, quruluşçu rejissoru Hüseyn Sultanov, tərtibat rəssamı Süleyman Hacıyev, geyim rəssamı Bəhram Əfəndiyev, rejissor assistenti isə Məhəmməd Burcəliyev idi. 1957-ci ildə Nazim Hikmət məhz “Kəllə” tamaşasına baxmaq üçün Gəncəyə gəlmiş və tamaşadan çox yüksək təəssürat almışdı.
Məcid Şamxalovun “Qayınana” komediyası ilk vaxtlar teatr ictimaiyyəti tərəfindən zəif bir pyes kimi səciyyələndirilərək səhnəyə qoyulması tövsiyə olunmurdu. Amma ilk dəfə bu pyesin 26 iyun 1957-ci ildə Gəncə Dövlət Dram Teatrında rejissor, Əməkdar incəsənət xadimi Həsən Ağayevin quruluşunda səhnələşdirilməsi həmin pyesə uzun və uğurlu səhnə yolunu açmış oldu.
Azərbaycan səhnəsinin ilk Qayınanası – Cənnət obrazını isə Gürcüstanın Əməkdar artisti Reyhan Tağıyeva ifa edib. Məhz Həsən Ağayevin bu komediyaya müraciətindən sonra əsər Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlayıb, 1978-ci ildə isə məşhur “Qayınana” bədii filmi (rejissor Hüseyn Seyidzadə) ekranlara çıxıb.
* * *
Gəncə Dövlət Dram Teatrı müasir dövrdə də fəaliyyətini uğurla davam etdirir. 2002-ci ildə teatrda səhnələşdirilən İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatına layiq görülüb. 2007-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda İ.Əfəndiyevin “Qəribə oğlan” tamaşası Gənc rejissorların teatr festivalında, 2010-cu ildə isə Elçinin “Ölüm hökmü” tamaşası Respublika teatr festivalında uğurla göstərilib. 2011-2013-cü illərdə T.Cücenoğlunun “Gözəlçələr”, Kamal Abdullanın “Sərgərdan” əsərlərinin tamaşaları Türkiyənin Girəsun şəhərində keçirilən XVII Aksu teatr festivalında, Türkdilli ölkələrin “Tuqanlıq” teatr festivalında, Konya şəhərində “Bin səs bir nəfəs” festivalında nümayiş olunub.
2013-cü ildə Gəncə Dövlət Dram Teatrı Ukraynada keçirilən “Klassika bu gün” teatr festivalında rejissor İradə Gözəlovanın quruluşunda N.V.Qoqolun “Evlənmə” pyesi ilə iştirak edib və “Ən yaxşı kişi rolu” nominasiyası üzrə (Podkolyosin – Əməkdar artist İlham Hüseynov) mükafatla təltif edilib.
2014-2015-ci illərdə teatr Xalq artisti Vaqif Şərifovun quruluşunda Elçinin “Qatil” və Əməkdar artist, mərhum Faiq Qasımovun quruluşunda Xəzangülün “Məhəbbətin qənimi” pyeslərinin tamaşaları ilə Girəsunda beynəlxalq teatr festivallarının iştirakçısı olub. Həmçinin 2015-ci ildə İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası Bakı qastrolunda teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq ilin yekununa görə uğurlu səhnə əsəri kimi qəbul olunub. 2017-ci ildə Türkiyənin Merzifon Bələdiyyəsi tərəfindən təşkil olunan teatr festivalında Əli Əmirlinin “20 ildən sonra” pyesinin tamaşası (quruluşçu rejissor – Əməkdar artist Novruz Cəfərov) maraqla qarşılanıb və yaradıcı kollektiv xüsusi mükafata layiq görülüb. Bundan əlavə, Gəncə teatrı 2018-ci ildə yenə Girəsun festivalında (gənc rejissor Elşad Əhmədovun hazırladığı T.Cücenoğlunun “Matruşka” pyesi), “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalında (“Dəli yığıncağı”) iştirak edib. Həmçinin Gürcüstanda keçirilən beynəlxalq festivalda İradə Gözəlovanın quruluşunda N.Dumbadzenin “Hellados” pyesinin tamaşası alqışlarla qarşılanıb.
Qədim şəhərdə peşəkar teatr tarixinin 125 illiyi ərəfəsində Gəncə Dövlət Dram Teatrı bu gün də maraqlı və zəngin repertuarı ilə tamaşaçılarının görüşündədir. Kollektiv həmçinin beynəlxalq, eləcə də respublikamızda keçirilən bir sıra teatr festivallarında iştirak etməklə öz yaradıcı imkanlarını göstərməkdədir.
Anar BURCƏLİYEV
teatrşünas