Tələbkar, zövqlü tamaşaçı izlədiyi səhnə əsərində bütün komponentlərin yerində, dolğun olmasını istəyir. Əslində, teatr sənətinin sinkretikliyi də bunu, tətbiqi işin konseptuallığını tələb edə bilir. Bəs tamaşaçının səhnə-sənət meyarlarında, ritm-musiqi duyarlığında istəkləri nədir? Quruluş, səhnə tərtibatı və musiqi həlli üçbucağında daha çox hansı tərəfə meyillidir? Bu barədə sorğu keçirsək, yəqin əksəriyyət ya kompleks yanaşmanı önə çəkəcək, ya da ədəbi mətn və quruluş həllinə diqqət yetirəcək. Bəs musiqi, mətnin polifonik nəqli necə? Bu mövzuda rejissor və bəstəkarlarla həmsöhbət olduq.
Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun fikrincə, rejissorlar ilə işləyən bəstəkarların teatr duyumu yüksək olmalı, onlar teatr sənətinin incəliyinə varmağı bacarmalıdır: “Neçə-neçə tamaşaya musiqi yazmışam və müxtəlif rejissorlarla işləmişəm. Bu mənada iki tip rejissorlar var. Bir qisim öz fikirlərini əvvəlcədən bildirib bəstəkardan onu istədiyi musiqini yazmağı tələb edən rejissorlardır. Bu, məqbuldur. Amma, hər halda, bəstəkarın materialın, obrazın situasiyasına, hadisələrin cərəyan etdiyi zamana və məkana uyğunluğu daha gözəl duymasını inkar etmək olmaz. İkinci qrup rejissorlar isə daha çox müzakirəyə, fikir mübadiləsinə çalışan quruluşçulardır. Onlar sadəcə bəstəkara ədəbi material barədə bir neçə ştrix verir və musiqi həllini tam olaraq ona həvalə edir. Əslində, ikinci variant mənə daha çox xoş gəlir. Çünki hər iki tərəf ən yaxşı və yaradıcı baxımdan azad olan seçim üzərində dayanırlar. Mənim yaradıcılığımda bu mənada mərhum rejissor Hüseynağa Atakişiyev xüsusi yerə malikdir. Təsadüfi deyil ki, ilk səhnə musiqisini də onun tamaşasına yazdım. Təbii ki, ilk işin həyəcanı ilə ondan “Necə musiqi yazım” soruşanda çox rahat şəkildə “Sənə bəlli olan və ətrafında müzakirə etdiyimiz bu ədəbi faktın musiqi yozumunu beynində qurduqdan sonra istənilən həlli tapa bilərsən”, - dedi və maraqlıdır ki, hazırladığım iş çox xoşuna gəldi. Onunla bir neçə tamaşanı işlədim. O, nadir rejissorlardan idi ki, hər tamaşaya orijinal musiqi istəyirdi. Hazırda heç bir janr harmoniyası gözləmədən musiqi tərtibatına üstünlük verirlər. Nəticədə tamaşaçı da dramaturji material ilə musiqi həlli arasında rabitəni qura bilmir”.
Bəstəkarın fikrincə, hər bir rejissor ən azı yaxşı musiqi duyumuna malik olmalıdır: “Söhbət peşəkar musiqiçi olmaqdan getmir. Amma zövqlü, musiqini seçmək qabiliyyəti zəruridir. Ümumilikdə hesab edirəm ki, rejissorlar istər musiqi tərtibatı ilə məşğul olan bəstəkarlara, istərsə də tamaşaya müstəqil musiqi yazan müəlliflərə sərbəstlik verməlidirlər. Belə olduqda daha səmimi yaradıcı mühit alınır”.
Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli bəstəkarla işi vacib sayan quruluşçulardandır. İndiyədək bir neçə bəstəkarla çalışdığını deyən rejissor bu işlərin məhsuldar olduğunu bildirdi. Onun fikrincə, bəstəkar tamaşanın mövzu və ideyasını anladıqda uyğun musiqi yazır və bu da tamaşaçıda maraqlı təəssürat yaradır. Rejissor musiqi tərtibatı ilə bağlı öz seçiminə də toxundu: “Son zamanlar əsasən musiqi tərtibatını özüm edirəm. Çalışıram ümumən ya musiqidən az istifadə edim, ya da sırf klassik nümunələri seçim. Burada işin maliyyəti də rol oynayır. Tutaq ki, musiqi yazıldı və partitura təqdim olundu. Axı onun səsləndirilməsi də var və bu zaman sırf elektron musiqi alətləri ilə kifayətləndikdə effektsiz alınır. Bunun üçün musiqi ən azı kamera orkestrində səslənməlidir. Hazırkı reallıqlarda isə bunu təşkil etmək çətindir”.
Həmsöhbətim deyir ki, dövlət sifarişi ilə hazırlanan tamaşalarda müstəqil bəstəkar işi daha realdır. Amma teatrların daxili imkanları hesabına hazırlanan səhnə işlərində buna getmək çətindir.
Bu məqamda bir məsələ ortaya çıxır. Teatrların musiqi hissə müdirləri problemin həllinə nə kimi kömək ola bilirlər, məsələn, ildə neçə tamaşaya musiqi yazırlar? Məsələyə Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiri, Əməkdar artist, bəstəkar Vüqar Camalzadənin münasibətini öyrəndik.
Bəstəkar teatrda artıq 4 tamaşaya musiqi yazdığını deyir: “Bir neçə teatrda səhnəyə qoyulan tamaşalarda bəstəkar kimi işlərim var. Daha çox çalışdığım teatrda tamaşalara musiqi yazıram. Nəzərə alın ki, uşaq tamaşaları üçün həm də bir neçə mahnı yazılır. Bu, özlüyündə asan proses deyil və bəstəkardan həm personajların xarakterinə, həm də uşaqların duyacağı melodik həddə uyğun iş tələb edir. Bu məqamda da məsələnin maddi tərəfi önə çıxır, yəni bəstəkarlar çalışır ki, daha çox dövlət sifarişi ilə hazırlanan tamaşalarda işləsinlər”.
Rejissorların musiqi duyumu barəsində də bəstəkarın öz mövqeyi var. Bildirir ki, musiqidən baş çıxarmaq bəstəkardan çox rejissorun özünə lazımdır. Bu, istər tərtibatlı musiqilərdə, istərsə də bəstəkarla bilavasitə işdə ona lazım olacaq. Onu da deyim ki, heç də hər bəstəkar film və tamaşa üçün musiqi yaza bilmir. Bunun üçün gərək janrların stilistikasını mənimsəyəsən, ekran və səhnədəki emosiyaları musiqidə əks etdirə biləsən. Bu isə illərin təcrübəsi sayəsində mümkün olur”.
Rejissura sahəsində maraqlı musiqi duyumu olan və bunu yaxşı səviyyədə tətbiq edən Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova da bəstəkarla işi vacib sayır. Amma bu mərhələdə də rejissorun üzərinə çox iş düşdüyünü deyir.
Rejissorluq təhsilini Rusiyada alan İradə xanım deyir ki, ali təhsil müəssisəsində bəstəkarla iş fənni də tədris olunurdu və maraqlı nüanslar öyrədilirdi. İstərdim ki, təhsil müddətində öyrəndiklərimi realizə edə bilim.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov əvvəllər bəstəkarlarla daha çox işlədiklərini və bu işbirliyinin effektiv alındığını düşünür: “Elə əsərlər var ki, bəstəkara ehtiyac olmur. Amma əksər nümunələrdə musiqi tələb olunur. Ümumən bir sıra rejissorlar var ki, bəstəkarla işləməyə meyilli olmurlar. Düşünürlər ki, bəstəkar onların istədikləri musiqi həllini tam verə bilmir. Nəzərə alın ki, bəstəkar bir vəziyyət, bir mizan üçün 2-3 cür musiqi yazırsa, tərtibat edərkən bunu 10-15-ə çatdırmaq olur. Ən azı internet, hazırkı çoxsaylı texniki imkanlar rejissorun da işini asanlaşdırır. Amma elə əsərlər var ki, onu bəstəkarla işləmək, onun bədii bütövlüyünü tapmaq vacibdir. Bu da rejissorla bəstəkarın məhsuldar yaradıcı dialoqundan qaynaqlanır”.
Sorğu-söhbətlərimizdən hasil olan ümumi mənzərə maraqlıdır: rejissorlar bəstəkarla işin məsrəfli olmasından gileyləndikcə bəstəkarlar da rejissorlardan musiqi duyumu gözlədiklərini dilə gətirdilər. Hər halda tamaşaçı üçün vacib olan yaxşı tamaşadır. Yaxşı tamaşada isə quruluş həlli, səhnə tərtibatı və musiqi məsələləri vəhdətdə olmalıdır.
Həmidə NİZAMİQIZI