Eksperimental tamaşalar festivalından ikinci yazı

Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalının gedişi haqqında qeydlərimizi qəzetimizin oxucuları ilə bölüşməkdə davam edirik.

Martın 5-i. Bakının havası lap yazın “oğlan çağı”nı xatırladır. Hərçənd park və xiyabanlardakı hələ çiçəksiz, tumurcuqsuz ağaclar adama deyir ki, “yaz gəldi” deyib vaxtından əvvəl sevinməyin. Son günlər ölkənin mədəniyyət sahəsinin gündəmini zəbt edən bahar ovqatı təbiətin havasından daha sıcaqdır. Ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri və yaradıcılıq təşkilatlarının rəhbərləri ilə səmimi görüşü, həmin görüşdə qoyulan məsələlərin bir qisminin artıq müvafiq sərəncamlarla həllini tapması sənət cameəsindəki bu ovqatı bir neçə qat artırıb.

Görkəmli teatr rejissoru Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan eksperimental tamaşalar festivalının iştirakçıları da yaradıcılığa, işləməyə, axtarmağa həvəsləndirən məlum sərəncamların fonunda daha da nikbindirlər. Bu gün də festival səhnəsi tələbələrin ixtiyarındadır.

* * *

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsi. Xalq artisti Məmmədsəfa Qasımovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dram teatrı və kino aktyorluğu ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyası əsasında “qara oyun”u  oynayırlar.

Əslində, tamaşanın adını iki cür anlamaq olar. Yəni görəcəyimiz “qara” (qatı, sərt, amansız, mənaca çılpaq) yumor,  ya da adamın özünü qara günə qoyduğu həyatın bir şəkli. Zamanında Əbdürrəhim bəy bu komediyanı ikiarvadlılığı pisləmək, qadın hüquqlarını qorumaq, möhkəm və sağlam ailənin “iki göz iki gözə baxar” prinsipi üzərində bərqərar olduğunu göstərmək niyyətilə qələmə alıb. Elə tələbələr də bunu oynayırlar. Amma necə? Məhz əsl gənclik ehtirası, klassikanın iç qatındakı gizlinləri “oxuyaraq”. Tələbələrin belə sərbəst,  plastik oyun nümayişindən sonra onlara müraciətlə yalnız bunu demək istəyirsən: Ey “qara oyun” sərgiləyənlər, üzünüz ağ olsun!

* * *

5 mart tarixi üçün nəzərdə tutulmuş ikinci tamaşa da klassik müəllifimizin əsəri əsasındadır. ADMİU-nun 4-cü kurs tələbələri Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını oynayacaq. Tamaşaya kurs rəhbəri, Əməkdar artist Gülşad Baxşıyeva quruluş verib. Yeri gəlmişkən, müəllimə özü də tələbələri ilə birlikdə səhnəyə çıxacaq. 

Amma məsələ belədir ki, Mirzə Fətəlinin xan sarayında baş verən  məişət zəminli münaqişənin qabardıldığı bu komediyasını istənilən tərzdə tamaşaya çevirib oynamaq olar. Yəni qeyri-bərabər nikahın fəsadlarından, varisin ərköyünlüyündən ta sosial ədalətin pozulmasına, sarayı bürüyən rüşvətxorluğa, hökmdar olan kəsin sosial ədalət prinsipindən xəbərsizliyinədək istənilən ideyanı əsərdə qabartmaq mümkündür. Bu tamaşada nələr maraqlı idi?

Ən birinci, Pəri xanımın heç də digər quruluşlarda göstərildiyi  kimi ipək xasiyyətli yox, çoxbilmiş qadın olması. Zarafat deyil, öz dövrü üçün kifayət qədər cəsarətli qız böyüdüb tərbiyə etmək, onların sayəsində xan, vəzir ailəsi ilə qohum olmaq, sarayda yaşamaq  hər adi qadının işi deyildi. İkincisi, Xanın eşikağası Səlim bəyin  Teymur ağaya aşkar rəğbətini məharətlə, qabartmadan oynanılması. Bəs nələr bizə artıq göründü? İlk növbədə xan sarayının türk seriallarında gördüyümüz sultan sarayının ovqatını “əxz etməsi”: vodevil halına çatdıracaq çox ərəb musiqisi, rəqqasələrin, mütrüblərin bol göbək rəqsləri. Halbuki gənclik cəsarəti ilə komediyadakı sosial ədalətsizliyi, qeyri-bərabər nikah xətlərini qabartmaqla fərqli tamaşa oynamaq olardı. Bir də tamaşada gənc aktyorların boyun damarları şişənədək qışqıraraq danışmağına heç ehtiyac yox idi. Bununla belə, cavanlara diləyimiz budur: səsiniz həmişə səhnələrdən ucalsın, amma qışqırmaq olmasın.

* * *

Martın 6-sı. “Boş məkanın dolğunluğu”nun ilk yarısı arxada qalıb. Festival səhnəsi  yenə tələbələrin ixtiyarındadır. Tələbələrin tamaşaları kimi özləri də fərqlidir. Məsələn, festivala tələbə tamaşası kimi qoşulan “Kərgədan buynuzu”nun iştirakçılarını tam peşəkar aktyor saymaq olar. Çünki Mədəniyyət və İncəsənət Universitetinin rus bölməsində təhsil alan cavanların əksəriyyəti elə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yaradıcı heyətində çalışır. Yazıçı-dramaturq  Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsəri əsasında hazırlanmış tamaşa universitetin professoru, filologiya elmləri doktoru Fəridə Səfiyevanın  layihəsi üzrə baş tutub. Tamaşanı rus bölməsinin dram rejissorluğu ixtisasının 4-cü kurs tələbələri Fərid Nesterenko, Bella Klimaşova, Yuri Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov hazırlayıblar.

Səhnə təcrübəsi və üstəlik, doğma teatrın səhnəsində çıxış etmək imkanı “Kərgədan buynuzu”nun gücündən yararlanmaq istəyənlərin köməyinə çatdı. Kurs müəllimləri Xalq artisti Cənnət Səlimova ilə Əməkdar artist Sonaxanım Mikayılovanın da zəhmətini yerə vurmaq olmaz. Beləcə, festivala qoşulan tələbə tamaşalarının sonuncusunu oynayıb yenidən peşəkarların tamaşalarına keçid alırıq. 

* * *

İstənilən halda teatr aləmi üçün tanınmış isim vacib məqamdır. Səni şəxsən tanıyanların həm də sənin yaradıcılığına marağı böyükdürsə, bu, daha vacib, üstəlik, məsuliyyətli məqamdır. Martın 6-da festival çərçivəsində müstəqil “Safat” teatrının çıxışı bu fikirləri bir daha təsdiqlədi.

Teatr Xadimləri İttifaqının böyük səhnəsində tanınmış teatr və kino rejissoru İlqar Safatın İdo Netanyahunun “Məna axtarışında” əsəri əsasında hazırladığı tamaşa oynanıldı. Həmin vaxta kimi festival günlərində oynanılmış tamaşaların arasında məhz “Məna axtarışında” əsəri eksperimental tamaşa festivalının adına  - “Boş məkanın dolğunluğu” isminə tam yaraşdı. Səhnədəki dolğunluqla yanaşı salon da dolu idi.

Əsər də, əsəri Azərbaycanda ilk dəfə oynanılan müəllif İdo Netanyahunun adı da, mövzu da, iştirakçılar da tamaşaçılar üçün maraqlı idi. Bu tamaşanın baş qəhrəmanı konkret tarixi şəxsiyyət – Viktor Frankl (1905-1997) psixologiya elmində həyatın mənasını tapmaq vasitəsilə psixoloji yardım göstərən loqoterapiyanın – ekzistensial psixologiyanın əsasını qoyub. Digər tərəfdən 92 il ömür sürmüş bu insan 4 dəfə nasist həbs düşərgəsinə düşüb, lakin həyatın mənasını tapa bildiyi üçün bütün iztirablara qatlaşmağı, həyat eşqini qorumağı, müharibədən sonra isə psixologiya elmində uğur qazanmağı bacarmış şəxsiyyətdir. Tamaşada xalq artistləri Lüdmila Duxovnaya və Məbud Məhərrəmov, gənc aktyorlar Azər Aydəmir və Rumiyə Ağayeva çıxış edirdilər. 

* * *

“Boş məkanın dolğunluğu” 2-ci Eksperimental tamaşalar festivalı artıq sona yaxınlaşır. Festivalın son iki günü və yekunları haqqında növbəti sayımızda.

Gülcahan MİRMƏMMƏD