Rejissor Şamil Əliyevin 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Çölçü” bədii filmi daha bir beynəlxalq festivalda uğur qazanıb. Rejissor bildirib ki, ekran əsəri mayın 25-dən iyunun 1-dək Londonda keçirilmiş XV Rainbow beynəlxalq film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib elan edilib.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Ekran əsərində Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. Film indiyə kimi 20-dək beynəlxalq festival və kinoforumda iştirak edib, müxtəlif mükafatlara, 2013-cü ilin “Humay” milli mükafatına layiq görülüb.