Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 10 mart – Milli teatr günündə də premyera ilə balacaların görüşünə gəldi.
Teatr bayramını həm yaradıcı heyət, həm də tamaşaçılar üçün yaddaqalan etmək üçün tamaşadan öncə milli teatr tariximiz, teatrın keçdiyi inkişaf yolu barədə çıxışlar oldu.
Sonra tamaşaçılara məşhur türk xalq nağıllarından “Kəloğlan masalları” əsasında hazırlanan tamaşa təqdim olundu.
Səhnə işində tamaşaçılar tarixi qədimlərə gedib çıxan milli gərdək oyunu, ulu şaman ifası, klassik kukla sənətinin çağdaş tərtibat (işıq və dekor) və səs çalarlarını birlikdə izlədilər.
Səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Əfşan Əsədova olan “Kəloğlan”da rolları teatrın aparıcı aktyorları Cavid İbrahimov, Aygül Ağayeva, Vüsal Hüseynov, Araz Həsənli ifa edirlər.