Səhnədə dolğunluq olarsa…

Martın ilk günündən Azərbaycan teatr cameəsinin gündəmini zəbt etmiş “Boş məkanın dolğunluğu 2” Eksperimental tamaşalar festivalı sona çatdı. Festival qaliblərinin adlarını sonuncu tamaşa oynanılan gün yox, ta ertəsi gün, 10 mart – Milli teatr günündə, milli sənət dünyamızın ilk peşəkar bayramında bildik. Bu barədə bir qədər sonra. Hələliksə, ötən saylarımızda başladığımız festival icmalına davam edirik.

* * *

Martın 7-də Bakı Uşaq Teatrının “Sevgi şimşəyi” tamaşası nümayiş olundu. Bu tamaşaya təməl olmuş Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesi “iki aktyorun teatrı” olaraq çox maraqlı səhnə quruluşuna imkan verir. Düzdür, biz bu tamaşanın premyerasında iştirak etmişdik, yazı da (“Mədəniyyət” qəzeti, 11.01.2019) yazmışdıq. Amma teatrın eksperimentləri bitməz ki!.. Gülər Ləzgiyeva, Mehman Dilqəmoğlu və Ədalət Ağaverdizadənin ifasında gördüyümüz ilk tamaşa hara, festival çərçivəsində baxdığımız tamaşa hara! Tamaşanın quruluşçu rejissoru (Əməkdar artist İntiqam Soltan) təkcə Gülər xanımı digər aktrisa əvəz etmədi, həm də səhnədəki iki əsas qəhrəmanı 4 aktyorun - Mehman Dilqəmoğlu, Rauf Hüseynli, Nərmin Məhərrəmova və Gülnarə Abbasovanın ifasında təqdim etdi. Bəli, festival təkcə bütün kollektivin deyil, həm də tək-tək aktyorların sənət tanıtımıdır fikrindən çıxış etsək, teatr rəhbərliyi uğurlu yol seçmişdi.

…Həmin günün axşamı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanan “Manqurt” tamaşası oynanıldı. Ötən teatr mövsümündən repertuarda olan bu tamaşa da qəzetimizin (11.07.2018) diqqətindən yayınmayıb...

Martın 8-də yenidən festivalın əsas məkanında – Teatr Xadimləri İttifaqındayıq. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları – Əməkdar artist Nazir Rüstəmov və Bahar Abdullayeva Miro Harvanın əsəri əsasında “Aktyor əbədiyyətə qovuşanda” tamaşası ilə çıxış edirlər. Tamaşanın quruluşçu rejissoru da elə Nazir müəllimdir. Bu tamaşa da zamanında diqqətimizdən yayınmayıb: qəzetimizin 18 aprel 2018-ci il tarixli sayında “Arzulanmayan aktyor taleyi səhnəyə çıxanda” deyərək onun seyrindən duyduqlarımızı oxucularla paylaşmışıq.

Axşam isə Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş “Boş məkanın dolğunluğu 2” Eksperimental tamaşalar festivalının tək qonağı, həm də festivalın müsabiqədənkənar iştirakçısı – L.Mesxişvili adına Kutaisi Dövlət Professional Dram Teatrı “Duplet” tamaşası ilə qonağımızdır. Gürcü teatrı ilə hər görüşün sənət bayramı olduğunu, üstəlik, bu tamaşanın qadınlar bayramında oynanıldığını nəzərə alsaq, “Duplet” tamaşasını teatrsevər xanımlara hədiyyə olaraq da qəbul edə bilərik. Rejissor K.Abaşidze V.Havelin “Etiraz” və H.Pinterin “Yola çıxmazdan öncə” adlı iki birhissəli, yəni əslində struktur və məna baxımına görə oxşar pyeslərini birləşdirərək “Duplet” adlı tamaşa qurub. İki aktyor D.Roinişvili və Z.Svanadze müstəntiq və müttəhim olaraq antraktda yerlərini dəyişirlər. Gerçəkdən, kimin kimi nəyə görə ittiham etməkdə haqlı olduğunu öncədən kim bilir ki?

* * *

Nəhayət, son gün. Günorta Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində V.Lyusun “Zelda” əsəri əsasında “İstədiyim kimi yaşayıram” (quruluşçu rejissor - Xalq artisti Ağakişi Kazımov, ifaçı - Əməkdar artist Mehriban Abdullayeva) monotamaşasını seyr edirik, axşam yenə Akademik Milli Dram Teatrındayıq. Kamal Abdullanın «Bir, iki - bizimki!” tamaşasını izləyirik. Əlif Cahangirlinin bu tamaşasında Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağayev, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edirlər. Festivalın sonuncu tamaşalarına baxmaqla onların barəsində ötən il qəzetimizdə iki dəfə (30.03.2018 və 22.06.2018) bölüşdüyümüz təəssüratları təzələyirik.

* * *

Festival yekunlaşır. Artıq ekspert olaraq bizim də bəyəndiklərimiz var. Düzdür, festivalın öz münsiflər heyəti var deyə, bizim rəyimiz həlledici deyil, amma hər halda hər kəs öz bəyəndiyini qaliblər sırasında görmək istəyir. Seçilənlər Milli teatr günündə məlum olacaq.

* * *

…Neçə illərdir ki, Milli teatr gününün Aktyor evinin böyük salonunda keçirildiyi yadıma gəlmir. Amma budəfəki bayram şöləni həmişəkinə bənzəməz. Necə olsa, festival iştirakçıları da buradadır, hələ desəniz, ittifaqın keçirdiyi ən yaxşı afişa və plakat müsabiqəsi qalibləri də, onları dəstəkləmək üçün gələnlər də, dəvətli qonaqlar da…

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov hamını əlamətdar gün münasibətilə təbrik edir, bu günün tarixindən, Azərbaycan teatrını qarşıda gözləyən perspektivdən danışır. Sədr müavini, Xalq artisti Hacı İsmayılovun aparıcılığı ilə keçən təltif mərasimi ürəkaçan perspektivlərin işartıları duyulan təbrik dolu nitqin maraqlı davamı olur.

Ənənəvi olaraq, öncə ittifaqın fəxri fərmanları və “Sənətkar” medalı builki sahiblərini tapırlar.

Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov, Akademik Milli Dram Teatrının rejissor assistenti Dilbər İsmayılova, Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Məmmədəli Balayev, Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov və Milli Dram Teatrının aktyoru, Əməkdar artist Aslan Şirinov fəxri fərmanla, xalq artistləri Firəngiz Mütəllimova, Qabil Quliyev və Valeh Kərimov, Əməkdar artist İntiqam Soltan, tanınmış bəstəkar Azər Rzayev (vəfatından sonra) “Sənətkar” medalı ilə təltif edilirlər.

Teatr Xadimləri İttifaqının katibi, Xalq artisti Rafiq Əliyev afişa və plakat müsabiqəsi barədə danışarkən qeyd edir ki, münsiflər heyəti bütün gənc rəssamları iştiraka görə diplomla təltif etsə də, onlardan üçünü mükafata layiq bilib. Beləcə, Rizvan Ələsgər III yerə, Elvin Şirinov II yerə, Reyhan Aslanova da I yerə layiq görülüblər.

İdman yarışları ilə bağlı “əsas məsələ qələbə yox, iştirakdır” deyimi teatr festivalının iştirakçıları üçün də keçərlidir. Belə ki, festivala qatılmış 18 tamaşanın hamısının yaradıcı kollektivi fəxri fərmanla təltif edilir. Salon isə nominasiyalar üzrə qaliblərin adlarını eşitmək üçün səbirsizlənir.

Əməkdar artist Gülşad Baxşıyeva, xalq artistləri Məbud Məhərrəmov və Lüdmila Duxovnaya “Fəxri iştirakçı” kimi fərqləndirilirlər. “Tələbə tamaşasında ən yaxşı aktyor ifası”na görə ADMİU-nun tələbəsi Rəhimə Abdinova (K.Abdulla: “Unutmağa kimsə yox” (Əntər), kurs rəhbəri – Yaqut Paşazadə), tələbələrin “Qara oyun”u (kurs rəhbəri – Məmmədsəfa Həsənov) «Ən yaxşı tələbə tamaşası», aktyor Azər Aydəmirov (İ.Netanyahu: “Məna axtarışında” tamaşası) uğurlu debütünə görə “Debüt” diplomlarına layiq görüldülər. Ən yaxşı aktyor olaraq isə münsiflər üç aktyorun ifasını dəyərləndirdilər: “Yuğ” teatrından Qasım Nağı “Quş dili” tamaşasındakı Bağban, Qurban Məsimov müstəqil təqdim edilmiş “Açıq dənizdə” tamaşasındakı Gonbul və Əməkdar artist Mehriban Xanlarova Milli Dram Teatrının “Manqurt” tamaşasındakı Nayman ana rollarına görə.

Ən vacib məqam, təbii ki, qalib tamaşaların adlarının açıqlanması idi: münsiflərin qərarı ilə III yerə iki tamaşa – “Səmavi” və “Qara adam” monotamaşaları, II yerə müstəqil “Açıq dənizdə” tamaşası, I yerə isə Milli Dram Teatrının “Bir, iki - bizimki!” tamaşası layiq görüldü.

Beləcə, Azərbaycan peşəkar milli teatrı 146 yaşını alqışlar, sevinc nidaları, təbriklər, əlbəttə ki, gələcəyə xoş ümidlər və ruh yüksəkliyi notları ilə qeyd etdi.

* * *

Yazıya P.S. sayıla biləcək bu qeydləri deməyə də bilərdik. Lakin “Boş məkanın dolğunluğu 2” Eksperimental tamaşalar festivalının ekspert qrupunun üzvü kimi növbəti festivalı, ya da tamam başqa məramlı festivalı necə görmək istədiyimizi yazmağa ehtiyac duydum. Əslində, onların bəzisini bu festivalda da gerçəkləşdirmək olardı. Tam on gün teatrşünasları və teatr yazarlarını bir araya gətirərək, müzakirələr keçirən teatrşünas Vidadi Qafarovun bağlanış mərasimində səhnəyə çıxaraq söz deməsini, bundan əvvəl isə hörmətli münsiflərin öz qərarlarını dəqiqləşdirərkən ekspertlərin də rəyinin nəzərə alınmasını. Nəzərə almaq demişkən, festival günlərində tamaşalararası fasilələrin uzunluğu yorucu idi.

Onsuz da teatrşünaslar da, festivalı izləyən jurnalistlər də günün ikinci yarısını festivala ayırmışdılar. Odur ki, tamaşalararası vaxtı qısaltmaqla, müzakirələrin müddətini uzatmaq və beləliklə də, zamanı iştirakçılar üçün daha faydalı keçirmək mümkün olardı.

İkinci festival artıq dünəndə qalıb. Üzümüz də, yolumuz da sabaha doğrudur. Gələcək festivallara gəlincə, onları ölkənin iş adamlarının, böyük şirkətlərinin dəstəklədiyini görmək, keçirildiyi şəhərin küçələrində, telekanallarında bolluca reklamına şahid olmaq istərdik!..

Bax, o zaman adının nə olması fərq etmədən nəinki festival, hətta gündəlik həyatını yaşayan teatrlarımızın salonu hər zaman dolu olacaq...

Milli teatrın dolğun həyatını seyr etmək istəyilə

Gülcahan MİRMƏMMƏD