Hüseyn xan Naxçıvanski haqqında sənədli film

Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyası Sankt-Peterburqun “Lennauçfilm” studiyası ilə birgə Hüseyn xan Naxçıvanski haqqında “Şərəf və ləyaqət” adlı film çəkir. “Salnamə” studiyasından bildiriblər ki, filmin çəkilişləri Bakı, Naxçıvan, Tbilisi, Sankt-Peterburq, Moskvada və Türkiyənin bir sıra şəhərlərində aparılıb. Dövlət sifarişi ilə ekranlaşdırılan filmin avqust ayında təhvil verilməsi nəzərdə tutulur.
Hüseyn xan Naxçıvanski Sankt-Peterburqda hərbi məktəbi “əla” qiymətlərlə bitirdikdən sonra çarın xüsusi süvari qoşununda xidmət edib. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olub, 1903-cü ildə polkovnik rütbəsi alıb.
Birinci Dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Hüseyn xan Naxçıvanskiyə tam süvari qoşunu generalı rütbəsi verilib. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilib, Rusiyada fevral inqilabından sonra hərbi işdən uzaqlaşıb.
1919-cu ildə 56 yaşında Sankt-Peterburqda vəfat edib.