Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası kino sənətinə həvəs göstərən gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə iyunun 11-də yenifilm.az qısametrajlı bədii filmlərin ssenari müsabiqəsini elan edib.
29 yaşa qədər olan müəlliflər müsabiqəyə istənilən mövzu və janrda bir və daha çox ssenari təqdim edə bilərlər. Ssenarilər iyulun 15-dək “Azərbaycanfilm” kinostudiyasının poçt ünvanı: AZ1012, Bakı şəhəri, Moskva pr.1 və yaxud azerfilm@mail.ru elektron ünvanına təqdim olunmalıdır. Müəllifin özü haqqında qısa məlumatı və rekvizitləri də (poçt ünvanı, telefon, e-mail) ssenariyə əlavə olunmalıdır.
Münsiflər heyətinin rəyi əsasında üç ən yaxşı ssenari seçiləcək və onlar əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında filmlər çəkiləcək. İstehsalına başlanan qalib ssenarilərin müəllifləri ümumi qaydada qonorar alacaqlar.
Müsabiqənin nəticələri 2 avqust - Milli Kino Günündə açıqlanacaq, kinostudiyanın saytında (azerbaijanfilm.az) və “Mədəniyyət” qəzetində dərc olunacaq. Əlaqə telefonları: (012) 430-87-84 (85); 430-00-10.