İyulun 18-dən 27-dək İtaliyada ənənəvi olaraq keçirilən Giffoni beynəlxalq kinofestivalı çərçivəsində təşkil olunan “Giffony Experiense” tədbirinə Azərbaycandan da nümayəndələr qatılacaq. “Nərimanfilm” kinostudiyası tamaşaçılar arasında kino mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə 3 nəfərdən (13-16 yaş arası) ibarət bir qrupun İtaliyaya səfərini təşkil edir.
Müxtəlif ölkələrdən 3 min uşaq yüzə qədər filmə baxıb, qiymət verəcək. Azərbaycanlı uşaqlar ilk dəfə bu kinofestivalda iştirak edəcəklər. Onlar öz həmyaşıdları ilə baxdıqları filmləri müzakirə edəcək və müsabiqənin qalibini müəyyənləşdirəcəklər. Festival müddətində uşaqlar rejissor, aktyor, digər kino xadimləri ilə, ən başlıcası, 40-dan çox ölkədən gəlmiş həmyaşıdları ilə ünsiyyətdə olacaqlar.
Qeyd edək ki, 44-cü dəfə keçirilən Giffoni festivalı müxtəlif ölkələrdən gəlmiş uşaqlardan ibarət münsiflər heyəti ilə kino dünyasında bənzərsiz hadisədir.