Bayram tətilində səhnələrdə nəyə baxaq?
Hər dəfə ilin əziz-ləziz bayramı Novruzun gəlişini noğul-nabatlı, naz-nemətli süfrələr açaraq, ayin-oyunlarla, şadyanalıqla qeyd edirik. Təbiətin oyanışını, yaşam ünsürlərinin yenidən canlanmasını bayrama çeviririk. Elə ruhun təzələnməsi, mənəvi süstlüyün, qışa, soyuğa, borana təslim olan fiziki-mənəvi dincliyin də daşını bu bayram günlərində atırıq.
Hər il respublikanın teatr-konsert müəssisələri öz tamaşaçılarını bahar əhvallı sənət nümunələrinə qonaq edirlər. Bəs bu Novruz bayramı günlərində ölkəmizin teatr-konsert müəssisələrində nələr göstəriləcək?
İlk olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına nəzər salaq. Klassik musiqi həvəskarları Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletini 23 martda izləyə biləcəklər. Əbədi eşq hekayətinin muğamla sintezinin şah əsəri sayılan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası isə 24 mart axşamı oynanılacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı martın 18-dən etibarən özünün ənənəvi Novruz şənliklərinə start verəcək. Azyaşlılar üçün nəzərdə tutulan “Sehrli sandıq” şənlik-tamaşası Könül Məmmədovanın eyniadlı əsəri əsasında hazırlanıb.
Martın 24-dək hər gün 3 seans olmaqla nümayiş olunacaq şənliklərdə balacaların sevimli personajları və Novruzun əsas qəhrəmanları bir səhnəni bölüşəcəklər.
Komediya həvəskarlarının üz tutduğu Azərbaycan Dövlət Akademik Musiqili Teatrında isə martın 22-də repertuarın sevilən əsərlərindən olan “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) oynanılacaq. Ertəsi gün (23 mart) balaca teatrsevərlər Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz” tamaşasına baxacaqlar. Həmin gün dahi Üzeyir bəyin “O olmasın, bu olsun” operettası da oynanılacaq. 24 mart (bazar günü) gündüz “Bir dayan, canavar!”ı (A.Xayt, A.Kurlyandski) rus dilində izləyəcəksiniz, axşam isə Ü.Hacıbəylinin əvəzolunmaz “Arşın mal alan”ı təqdim olunacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 22 martda C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində” əsəri səhnəyə çıxacaq. 23 martda C.Rodarinin sevimli “Çipollino”su, ertəsi gün isə A.Lindqrenin “Uzuncorab Pippi” əsərinin maraqlı nümayişi reallaşacaq.
Rusdilli teatrsevərlərin daimi ünvanı – Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının xüsusilə uşaqlar üçün zəngin bayram tətili proqramı var. Bu günlərdə V.Neverovun “Düyməcik” və “Nağılı tap-5”, V.Reznikovanın “Durna balığının əmri ilə”, tamaşaları balacaların ixtiyarına veriləcək. Uşaqlar A.S.Puşkinin “Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu haqqında nağıl”lına da baxa biləcəklər.
Dövlət Pantomima Teatrına üz tutanlar martın 23-də N.Qəribova və C.Dadaşovun “Katarsis”inə şahid olacaqlar. 24 martda isə B.Xanızadənin “Fəlakət və İnsan”ı, eləcə də S.Hacıyevanın “Dejavü”sü ilə səssiz dialoq “qurulacaq”.
Balacaların ən sevimli sənət ünvanı – A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının Novruz repertuarı martın 19-dan başlayır. Repertuarın sevilən tamaşalarından olan K.Ağayevanın “Göyçək Fatma”sı və Azərbaycan xalq nağılı əsasında hazırlanan “Şəngülüm və Məngülüm” martın 19-da, rus xalq nağılı “Maşa və Ayı”, “Oyuq” teatr-studiyasının təqdimatında “Qırmızıpapaq” və rus xalq nağılı “Durna balığı” (rus dilində) isə bayramın ilk günündə balacaların ixtiyarına veriləcək. M.Seyidzadənin “Cırtdan” və “Üç cəsur”, A.Şaiqin məşhur əsəri əsasında səhnələşdirilən “Tıq-tıq və Taq-taqın nağılı”, rus xalq nağılı “Qoğal”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur” və T.Ağayevin “Qoçaq Əhməd”i, türk xalq nağılı “Kəloğlan”, ardınca C.Rodarinin “Çipollino”su da bayram tətili günlərində təqdim ediləcək.
* * *
Paytaxtın əsas konsert məkanı olan Heydər Əliyev Sarayı da maraqlı Novruz proqramı hazırlayıb. Martın 22-də keçiriləcək “Sehrli Novruz” adlı konsert uşaqlar üçün nəzərdə tutulub. Saray bayram tətili günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqramla sevindirəcək. Bundan əlavə, Heydər Əliyev Sarayında musiqisevərlər üçün “Muğam dünyamız” (24 mart) və “Yaz bayramı-saz bayramı” adlı (25 mart) konsert proqramları da təqdim ediləcək.
Beynəlxalq Muğam Mərkəzində martın 12-də başlanan “Muğam televiziya müsabiqəsi – 2019” bayramda da davam edəcək.
* * *
Bölgələrdəki sənət ocaqları da bayram günlərini yaddaqalan etmək istəyiblər. Onların bəzilərinin repertuar planını izlədik.
Sumqayıt Dövlət Dram Teatrı azyaşlı tamaşaçıların Novruz bayramı ərəfəsində tətil günlərini maraqlı, şən keçirə bilməsi məqsədilə A.Şaiqin “Tıq-tıq xanım” pyesini Novruz elementləri ilə fərqli çalarda hazırlayıb. Səhnə işi martın 20-dən 26-dək hər gün 3 seans olmaqla oynanılacaq.
Gəncə Dövlət Dram Teatrı balaca teatrsevərlər üçün maraqlı proqram hazırlayıb. Yaradıcı heyət 20-26 mart tarixində “Bahar nağılı” adlı şənliklə uşaqların görüşünə gələcək.
Füzuli Dövlət Dram Teatrı da Novruz tamaşalarına martın 12-dən start verib. Rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində, habelə Füzuli, Beyləqan, Ağcabədi, Bərdə rayonları ərazisində yerləşən N saylı hərbi hissələrdə “Könlüm bahar istəyir” adlı silsilə bayram tədbirləri keçirilir. Martın sonunadək davam edəcək proqram digər qonşu əraziləri də əhatə edəcək.
Ağdam Dövlət Dram Teatrının yaradıcı heyəti də rayon ərazisində təşkil olunan böyük bayram konsertinin əsas təşkilatçılarındandır. Martın 18-də Ağdamın Quzanlı qəsəbəsindəki meydanda böyük el şənliyi təşkil olunacaq. Rayonun digər kəndlərində də Novruzun əsas personajlarının iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qazax Dövlət Dram Teatrı martın 19-da Novruz şənliyi proqramına başlayacaq və bu, bir neçə gün davam edəcək.
Bölgə kuklaçılarının sənət ünvanı olan Qax Dövlət Kukla Teatrı da balaca tamaşaçılarını maraqlı proqramla qarşılayacaq. Martın 21-dən başlayaraq hər gün 2 tamaşa öz səhnələrində, bir tamaşa isə Qəbələ şəhərindəki konsert mərkəzlərindən birində nümayiş olunacaq. Dördgünlük proqramda səyyar tamaşa nümayişləri də nəzərdə tutulub.
Mingəçevir Dövlət Dram Teatrı məşhur Molla Nəsrəddin lətifələri əsasında “Molla Nəsrəddin, Kosa və Keçəl” adlı tamaşa ilə şəhər sakinlərinin görüşünə gəlib. Martın 12-dən tamaşaçıların ixtiyarına verilən tamaşa ayın 23-dək hər gün bir neçə dəfə oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəyev, quruluşçu rəssamı Kəmalə Əsgərova, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi də Novruz bayramı münasibətilə A.Şaiqin “Gözəl bahar” pyesi əsasında eyniadlı uşaq tamaşası hazırlayıb.
HƏMİDƏ