Rusiyada jurnalist soydaşımızın sosial onlayn layihəsi
Rusiyada tanınmış azərbaycanlı jurnalist Səadət Qədirovanın müəllifi olduğu sosial onlayn layihəsinə start verilib.
Səadət Qədirova TASS informasiya agentliyinin əməkdaşı, Rusiya Jurnalistlər İttifaqının üzvü, AZƏRTAC-ın dəstəyi ilə nəşr olunmuş “Sumqayıt hadisələri barədə ilk mənbədən” kitabının müəllifidir. Onun yeni layihəsinin məqsədi isə fiziki imkanları məhdud, aztəminatlı və sosial müdafiəsi zəif ailələrdən olan uşaqlara dəstək göstərməkdir.
Jurnalistin “Meçtı sbıvayutsya” (“Arzular gerçəkləşir”) adlı layihəsi YouTube kanalında həyata keçirilir. İctimai-siyasi həyatın bir çox sahələrindən olan məşhur insanlarla müsahibələr silsiləsi sayəsində tanınan müəllif öz ideyasını həyata keçirmək üçün yenidən söhbət formatına müraciət edib. Proqramın hər bir qonağına “Arzular gerçəkləşir” rubrikasında iştirak etməklə, bir uşağın istəyini yerinə yetirmək imkanı verilir.
Səadət Qədirova agentliyə müsahibəsində deyib: “Qonaqlarımın hər biri qutudan uşağın arzusu yazılmış stiker çıxarır və bu istəyi yerinə yetirir. Çox xoş idi ki, bizim azərbaycanlı qonaqlar proqrama müraciət etmiş bütün uşaqlara hədiyyələr aldılar”. Onun sözlərinə görə, əvvəlcə Xalq artisti Emin Ağalarov yaxşı mənada ssenarini “pozaraq”, təkidlə qutunu çevirməyi və bütün uşaqlara hədiyyə almağı təklif edib. Bir gün sonra həmin xeyirxah hərəkəti Xalq artisti Yusif Eyvazov təkrarlayıb.
Layihənin qonaqları arasında müğənni Soqdiana, siyasətçi İrina Xakamada, general-mayor Viktor Yeliseyev, rejissor Yeqor Konçalovski və başqaları olub.
“İstərdim ki, hər şeydən əvvəl, ictimaiyyətin diqqətini sosial cəhətdən daha az müdafiə olunan uşaqlara cəlb edim. Eyni zamanda onların parlayan gözlərini görəndə hədsiz zövq alıram, çünki, həqiqətən, arzular yerinə yetir”, – deyə Səadət Qədirova bildirib.