Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmittin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşasının premyerası olub.

Pyesin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırıb.

Əsərin qəhrəmanı 10 yaşlı Oskardır. O, qan xərçəngindən əziyyət çəkir. Tamaşa ölümlə üz-üzə dayanan Oskarın ağır xəstəliklə mübarizəsindən və ömrünün son 10 günündən bəhs edir. Kədərli finalı olan əsər insanlarda Allaha inam duyğusunun hər zaman olmasını, ən çətin anlarda belə şükür etməyi bacarmağı təbliğ edir.