Xəbər verdiyimiz kimi, Rusiya Teatr Sənəti İnstitutunda “QİTİS – ustad dərsi” adlı festival keçirilib. Tələbə-aktyorların özünü realizə meydanı olan tədbirdə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupu təmsil edib. Təmsilçilərimizin təqdim etdiyi nümunə – U.Şekspirin faciəsi əsasında hazırlanmış “Otello əfsanəsi” adlı mistik ballada maraqla qarşılanıb.
SABAH qrupunun müəllimi, rejissor Gümrah Ömərin quruluş verdiyi səhnə əsəri festival jürisinin rəyinə əsasən “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb. Otello rolunu oynayan Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub. Qeyd edək ki, tamaşada rolları ADMİU-nun aktyor sənəti ixtisası üzrə 3-cü kurs tələbələri (kurs rəhbəri dosent Fikrət Məlikov) ifa ediblər.
SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, müəllimlər – Xalq artisti Mehriban Zəki, Gümrah Ömər, Ceyhun Dadaşov, “Səda” Tədris teatrının əməkdaşı Amid Qasımovun da daxil olduğu heyət festival zamanı səhnə danışığı, səhnə hərəkəti, aktyor sənəti fənləri üzrə müxtəlif ustad dərslərində və seminarlarda iştirak edib.
Səfər təəssüratlarını bizimlə bölüşən B.Məmmədbəyova Rusiyaya növbəti səfərin yaddaqalan olduğunu dedi: “SABAH qruplarının 4 illik fəaliyyəti dövründə Polşa, Rusiya, Moldova və Türkiyədə festivallarda iştirak etmişik. Universitetimizin beynəlxalq əməkdaşlıq etdiyi ölkələr və ali məktəblər arasında Rusiya Dövlət Teatr Sənəti İnstitutu mühüm yer tutur. Səfər çox məhsuldar oldu və tələbələr üçün yeni üfüqlər açıldı. QİTİS-in professor və müəllim heyəti tərəfindən aktyor sənəti, səhnə hərəkəti, vokal, səhnə danışığı fənləri üzrə keçirilən ustad dərsləri də tələbələr üçün çox maraqlı idi.
Səfər yeni perspektivlər baxımından da məhsuldar oldu. Türkiyəyə – Dənizli Teatr festivalına dəvət aldıq. Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru bizi 2020-ci ildə ölkələrində keçiriləcək teatr festivalına dəvət etdi”.
Tamaşanın rejissoru Gümrah Ömər də bu kimi festivalların təhsil və təcrübə baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyir: “Bu festival bizə özümüzə baxmağa, öz potensialımızı görməyə imkan yaratdı. Festival çərçivəsində aktyor sənəti ilə bağlı da ustad dərsləri oldu. Hazırda teatr sistemində, aktyor-rejissor işi prosesində maraqlı bir tendensiya müşayiət olunmaqdadır ki, bunu da o dərslərdə bir daha görmüş olduq. Məlum oldu ki, köhnə teatr məktəbi ənənəsində gənclər özlərini rahat ifadə edə bilmirlər. Bunun üçün zaman, təcrübə, gərgin əmək lazımdır. Məsələnin qoyuluşu təxmini belə idi: istedadlı, potensiallı gənc qısa və asanlıqla teatr mühitinə necə adaptasiya ola bilər. Məhz bizim tamaşada, onun səhnə yozumunda, aktyorla iş prosesində də bu məsələləri önə çəkmişdik və tamaşamızın seçilməsi ilə də bu öz nəticəsini vermiş oldu”.
“Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib tələbə-aktyor Ziya Ağa ilk dəfə iştirak etdiyi xarici müsabiqənin onun üçün müstəsna önəm daşıdığını deyir: “Biz orada yeni məktəb gördük və o təhsil sisteminin yeni, maraqlı metodlarını mənimsəmək imkanı qazandıq. Səhnə hərəkəti, səhnə danışığı, aktyorluq ilə bağlı ustad dərslərində, tanınmış mütəxəssislərin mühazirələrində olduq. Düşünürəm ki, bu biz tələbələr üçün əsl bayram idi və bu şəraitə görə təşkilatçılara təşəkkür edirəm. Maraqlıdır ki, festivala bədnam qonşularımız da eyni əsər ilə gəlmişdilər. Bu bizi əsl sənət mübarizəsinə səslədi. Sevindirici haldır ki, bu sənət döyüşündə biz qalib olduq. Buna görə də həm rejissorumuz Gümrah müəllimə, həm də bizə sənətin sirlərini öyrədən digər müəllimlərimə təşəkkür edirəm”.
HƏMİDƏ