Festivalın ilk seçim mərhələsi Kürdəmirdə keçirilib

Xalq yaradıcılığının inkişafı, qorunması və təbliğinə dəstək məqsədilə Mədəniyyət Nazirliyində “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı” hazırlanıb və təsdiq edilib.

Fəaliyyət planında xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün sistemli işlərin, o cümlədən festival, müsabiqə və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprel-may aylarında 3-cü Respublika Xalq Teatrları Festivalı keçirilir. Kürdəmir rayonunda festivalın ilk seçim mərhələsi gerçəkləşib. Seçim mərhələsində Kürdəmir, Bərdə və Sabirabad regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak edib.

Hazırda respublikanın paytaxt və regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında ümumilikdə 37 xalq teatrı fəaliyyət göstərir. Teatrların repertuarında vətənpərvərlik, Qarabağ mövzuları xüsusi yer tutur.

Kürdəmir rayon Mədəniyyət mərkəzində təşkil edilən tədbirdə ilk olaraq Füzuli rayon Mədəniyyət evinin Xalq teatrı “Xocalı” kompozisiyası ilə çıxış edib.

Beyləqan rayon Mədəniyyət mərkəzinin Xalq teatrı iki tamaşa təqdim edib. Azərbaycan xalq nağılı əsasında qurulan “Ağıllı Fatma” tamaşası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Sonra milli vətənpərvərlik hislərini daşıyan “O yurda bayrağı biz taxacağıq” kompozisiyası göstərilib.

Seçim mərhələsində Bərdə rayon Mədəniyyət mərkəzi Xalq teatrının təqdim etdiyi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşası da maraqla qarşılanıb, münsiflər tərəfindən müsbət qiymətləndirilib.

Yevlax şəhər Yaradıcılıq evinin Xalq teatrı ikipərdəli “Qadınlar” tamaşasının quruluş forması və həvəskar aktyorların oyunu da münsiflərin təqdirini qazanıb.

Sonra həmin kollektiv tərəfindən Lev Qraçın “Cırtqoz” pyesi nümayiş olunub.

Sabirabad rayon Mədəniyyət mərkəzinin Adil İsgəndərov adına Xalq teatrı Seyidməmməd Əliyevin quruluşunda Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyasını nümayiş etdirib. Musiqilərin yazılmasında Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin müəllimləri köməklik ediblər. Tamaşanın rəssamı Fərhad Əliyev, qrim ustası Esmira Zeynalovadır. Xalq teatrı milli vətənpərvərlik ruhunda “Hardan başlayır vətən” tamaşasından parçalar da təqdim edib.

Daha sonra Yevlax şəhər Mədəniyyət mərkəzinin Kukla xalq teatrı tərəfindən “Dəli keçi” tamaşası göstərilib. Bildirilib ki,  mərkəzdə uşaqlar üçün təşkil edilən tamaşalar həvəslə baxılır.

Qeyd edək ki, festivalın seçim mərhələsində fərqlənən kollektivlər Bakı şəhərində təşkil olunacaq final mərhələsinə dəvət olunacaqlar. Xalq teatrlarının tamaşalarını Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimovun sədrliyi ilə münsiflər heyəti qiymətləndirir. Heyətə nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov, şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin nümayəndələri daxildir.

Hər nümayişdən sonra tamaşalar müzakirə olunub. Kollektivlərə oynanılan tamaşalarda görülən kiçik qüsurların düzəldilməsi, səhnə mədəniyyəti, jestlər, mimikalar, səsləndirmə və hərəkətlərilə bağlı tövsiyələr verilib. Xalq teatrları kollektivlərinin rejissor, bədii rəhbər və üzvləri həvəskar teatr kollektivlərinə  göstərilən qayğı və diqqətə, festivalın təşkilinə, həmçinin peşəkarlıqlarının artırılması üçün dəstəyə, ustad dərslərinə görə təşəkkürlərini bildiriblər.