Azərbaycan Kinosu Günü münasibətilə avqustun 1-də Nizami Kino Mərkəzində keçirilən mərasimdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” bədii filminin təqdimatı haqqında məlumat vermişdik. Ekran əsəri tamaşaçılar, kino ictimaiyyəti tərəfindən maraqla qarşılandı.
Rejissor Elçin Musaoğlunun yeni filmi Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır. Müharibə haqqında danışılmasa da, tamaşaçı onu daxilən hər kadrda hiss edir. Bu baxımdan “Nabat”ı Azərbaycan kinosunda bir yenilik hesab etmək olar.


Müharibədən müharibəsiz bəhs edən film

Rejissor Elçin Musaoğlu bildirir ki, filmin ideyası bədii təxəyyülündə hələ uzaq 1985-ci ildə yaranıb: “Bir dəfə televiziyada ucqar kənddə yaşayan qoca bir qadından müsahibə alırdılar. Soruşurlar ki, burada necə tək yaşayırsan, səni qara basmır? Dağ kəndi idi. Qadın deyir ki, mən hara gedim, oğlumun, ərimin qəbri burdadır. Tüfəngim var, bir də inəyim. Bu 1985-ci il idi. O vaxt kiçik hekayələr yazırdım. Bu əhvalatı da yazdım. Amma mənim qəhrəmanım qarı və qartal idi. Əsgərlik vaxtı gələndə düşündüm ki, əsgərlikdir, hər şey ola bilər, bu ideyanı atama danışdım. Bilirdim ki, atam daha çox realist yazacaq, məndən fərqli olaraq. 1987-ci ildə atam dedi ki, yazmışam. Baxdım ki, bir az pafoslu yazıb. Amma xoşuma gələn çıraqlar oldu. Yəni qadın çıraqları yandırır ki, kənd ölməsin. Nabat qaranlıq kəndə nəfəs verir ki, kənd yaşasın. Əslində, bütün qəhrəmanlıqların kökündə xırda, adi istəklər dayanır”.
Uzun illərdən sonra bu mövzuda film çəkmək qərarına gələn rejissorun sözlərinə görə, ssenarinin bir hissəsi çəkilişlə paralel yazılıb: “Hər dəfə deyirdim, elə film çəkmək istəyirəm ki, güllə atılmasın, amma müharibə hiss olunsun. Elxan Nəbiyevlə ssenarini 6 aya yazdıq. Çox şeyi də çəkə-çəkə yazmışıq. Film İsmayıllının Həftəsiyab kəndində çəkilib. Bu məkanı tapmaq üçün çox rayon gəzdik. Nəhayət, istədiyimizi tapdıq. Biz Elxanla əvvəlcədən danışmışdıq ki, filmdə sırf təsvir olduğu üçün operatorun (Abdulrəhim Beşarat) işi dəqiq olmalıdır və hər şey də təsvirə xidmət etməlidir. Hər axşam çəkdiyimiz səhnələri nəzərdən keçirirdik. Əsas məqsədimiz o idi ki, tamaşaçı müəyyən vaxtdan sonra tədricən filmin aurasına düşsün. Biz kəndi göstərdik ki, kənd var, orda yaşayanlar var. Sonra bir gün adamlar kəndi tərk edir. Və Nabat əri ilə tək qalır, sonra əri də ölür. Nabat obrazı da fərqlidir. Qadın əslində qəhrəmanlıq edir, amma bunun fərqinə varmır, nümayiş etdirmir, pafosdan uzaqdır. Tamaşaçı qadınla birlikdə nəfəs almalıdır. Onunla orda yaşamalı, hərəkət etməlidir. Bir az sanki hipnoz effekti yaranmalı idi. Adama təsir edən sükut, sükutun səsi və təsvir”.
Qeyd edək ki, filmdə musiqidən az istifadə edilib. Kinoda çox vaxt emosionallığı artırmaq üçün musiqidən istifadə edilir. “Nabat”ın isə bu emosionallığa ehtiyacı yoxdur. Burada rejissorun imkanları və aktrisanın (iranlı aktrisa Fatimə Motamed Arya) oyunu həmin emosionallığı təsvirlərlə çatdıra bilir. Filmin bəstəkarı Hamed Sabetdir. Ekran əsərində təsvirlə musiqi bir-birini üzvi şəkildə tamamlayır.

“Nabat” müharibəyə tamamilə fərqli yanaşmadır

Film haqqında kino mütəxəssislərinin fikrini də öyrənmək istədik. Bəlkə də son dövrdə ilk Azərbaycan filmidir ki, premyeradan sonra bu qədər müsbət rəy qazanır. Əməkdar incəsənət xadimi Aydın Kazımzadə filmin rejissor işi və mövzusu barədə danışdı:
- Azərbaycan Dövlət Televiziyasının yaradıcılıq birliyində Elçin Musaoğlu ilə birlikdə çalışmışıq. Həmin müddətdə onun bir rejissor kimi istedadına bələd oldum. Filmlərinə baxanda görürdüm ki, daim axtarışdadır. Çəkdiyi sənədli və qısametrajlı filmlərdə rejissor təzə söz demək istəyir. Sadəcə, film çəkmək xətrinə sənətə gəlməyib. Onun rejissor görümü və yozumu məni çox maraqlandırırdı. Sonradan Elçin böyük ekrana gəldi və “40-cı qapı” filmini çəkdi. O zaman başa düşdüm ki, onun axtarışları təsadüfi deyilmiş. Həmin film bir çox festivallarda mükafat qazandı. Elçin Musaoğlu Azərbaycan kinosuna iri addımlarla gəldi. “Mən çəkə bilirəm” deyil, “Mən çəkirəm” dedi.
“Nabat” filminə baxanda isə bir daha şahidi olduq ki, rejissor filmdən-filmə inkişafdadır. O, sənədli filmdə etdiyi axtarışları bədii filmdə davam etdirərək daha da mükəmməl nəticə əldə edir. Qarabağ müharibəsi mövzusunda bu günə kimi nə qədər film çəkilib. Onların çoxu bir-birinə oxşardır. “Nabat” isə tamamilə fərqli yanaşmadır. Müharibə mövzusu filmdə var, amma biz onu görmürük. Bu maraqlı məqamdır. Vizual olaraq müharibə səhnələri görünmür. O müharibə mövzusuna tamamilə yeni bir yozum verdi. Deməli, müharibəni göstərmədən müharibə haqqında çox maraqlı, insanı təsirləndirən film çəkmək olar. Film ilk baxışdan qəribə təəssürat yaradır. Filmdə qadın obrazının ifaçısı gözəl tapıntıdır. Qadının uzun planlı gəlişi filmin ilk saniyələrdə yorucu təsir bağışlayır. Sonra məqsəd məlum olur. Onun uzun yollar keçməsi növbəti hadisələrə girişidir. Film başqa epizodlarla başlasaydı, bəlkə də maraqsız olardı. İlk epizodlar tamaşaçını növbəti hadisələrə hazırlayır. Filmi mono-rol da adlandırmaq olar. Əsas rolun ifaçısı Fatimə Motamed Arya da öz rolunun öhdəsindən bacarıqla gəlib. Köməkçi rollar olsa da, bir aktrisanın oyunu təsiri bağışlayır. Təbii ki, aktrisanın oyununda rejissorun da rolu danılmazdır.
“Nabat” Qarabağ müharibəsini tamaşaçılara yeni tərzdə təqdim etdi. Düşünürəm ki, film xaricdə də qəbul ediləcək. Çünki dramatik və faciəvi bir filmdir. Dramatizmi baş qəhrəmanın həyatıdır. Faciə isə müharibədir. Baş qəhrəman iki qəbri, şəhid olmuş oğlunun və ölmüş ərinin qəbrini kənddə qoyub getmir. Həddindən artıq psixoloji bir dramdır. Müharibə mövzusunda indiyədək gördüyümüz “Fəryad”, “Dolu” filmlərindən sonra kəndli bir qadının müdrikliyi və qorxmazlığı nümayiş olunur. Filmin nəticəsi belədir ki, biz heç zaman ümidimizi itirməməliyik.

“Ekran əsəri mənə bütünlüklə Şərq miniatürlərini xatırladır”

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin filmlə bağlı fikirləri də maraqlıdır.
- Azərbaycan kinosunda indiyədək Qarabağ mövzusunda çəkilən filmlər göstərdi ki, bu mövzu cəmiyyətimizi nə dərəcədə sarsıdıb. Filmlərdə bu sarsıntı açıq-aşkar görünür. Bu baxımdan bir neçə filmlərimizdə Qarabağ mövzusu “axirət günü” kimi təqdim edilir. Bu cür təqdimat “Nabat” filminə də aiddir. Filmdə dekorasiyalar elə bil hansısa uydurma bir aləmdir. Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmində də film boyu ünvansız gəzən meyit bu mövzuda bir “axirət günü” kimi təqdim edilir. Bu baxımdan “Nabat” filmində mövzu yenə də öz inkişafını tapır. Mənim fikrimcə, “Nabat” filmi Azərbaycan kinosunda müstəsnalıq təşkil edən əsərdir. Filmdə Qarabağ mövzusunu “axirət günü” kimi görmək cəhdi daha qabarıq şəkildə özünü göstərir.
Filmdə qadın artıq insanlar tərəfindən tərk edilmiş kəndi elə bil ki, özü canlandırır. “Nabat”da gördüyümüz aləm elə bil ki, kabuslar dünyasıdır. Bu xətt filmdə əvvəldən axıra qədər aparılır. Məsələn, foto-atelyedə şəkillər (insanlar gedib, amma onların şəkilləri qalıb), filmin əvvəlində biz o foto-atelyedə çalışan insanı görmürük, yalnız onun stəkanla əlini görə bilirik. Yaxud qadının əri öləndə biz onun kimliyini görə bilmirik. Bundan əlavə, bir çox əlamətlər, pəncərələrdə yanan işıqlar, qadının əri öləndə pəncərənin özü-özünə açılması və s. Filmin sonunda qəhrəmanın oğlu canlanır gəlir. Bu özü də kabuslar aləminə işarədir. Axırda kəndə gələn ordu səhnəsində də mövzu açıq qalır. Bunlar real insanlardı, yoxsa kabuslar?... Filmdə real dünya və ruhlar dünyası arasındakı sərhəd çox şərtidir.
Biz milli kino terminini çox işlədirik. Mənim aləmimdə əsl milli kino məhz “Nabat” filmidir. Film tamamilə Şərqsayağı bir filmdir. Ekran əsəri mənə bütünlüklə Şərq miniatürlərini xatırladır. Kinoda bir qayda olaraq dramaturgiya olur. İnsan xarakterlərinin toqquşması, insan taleləri və s. “Nabat”da bütün bunlar yoxdur. Sanki miniatürlər təsvir olunub. Film Şərq mədəniyyətinin ənənəsini xatırladır. Burada qəhrəmanlar deyil, ideyalar, fikirlər ön plana çəkilir. Bu baxımdan çox səciyyəvidir ki, baş qəhrəman kişi yox, qadındır. Azərbaycan qadının yüksəkliyi və şücaəti filmdə tamamilə dəqiqliklə verilmişdir.

* * *
Onu da qeyd edək ki, rejissor Elçin Musaoğlunun “Nabat” filmi avqustun 27-dən sentyabrın 6-dək keçiriləcək 71-ci Venesiya kinofestivalının “Horizontlar” müsabiqə proqramına daxil edilib. Ekran əsərinə dünya premyerasında uğurlar arzulayırıq.

Lalə Azəri