Dünya kinosunda qadın rejissorların imzalarına hələ kinonun səssiz dövründə rast gəlinir. Azərbaycan kinosunda qadın rejissorlar az olsa da, sənətdə yaddaqalan iz qoyublar. Bədii kinoda dəyərli ekran əsərləri yaradanlardan biri də Əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadə olub.
Gülbəniz Yusif qızı Əzimzadə 1947-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlarından ədəbiyyata və mətbuata maraq göstərib. “Ulduz” jurnalında, “Molodyoj Azerbaydjana” qəzetində maraqlı yazıları dərc olunub. Bununla bərabər, gənc qızın rəngkarlığa böyük həvəsi vardı. Səkkizinci sinfi bitirdikdən sonra sənədlərini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə verir, təsviri sənətin sirlərinə yiyələnməyə başlayır.
Bitib-tükənməyən arzu və istəklər onu 1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına gətirir. Görkəmli kinorejissor Həsən Seyidbəyli kinostudiyada “Bizim Cəbiş müəllim” bədii filmini çəkirdi. Gülbəniz də çəkiliş prosesində iştirak edir, kino ilə ilk dəfə yaxından tanış olur. Günlər, aylar bir-birini əvəz etdikcə, bu sənətə ürəkdən bağlanır...
Yorulmaz kino tarixçimiz, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin araşdırmalarında Gülbəniz Əzimzadənin kino sənətində yolundan ətraflı söz açılır. 1969-cu ildə Gülbəniz xanım Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olur. Professor İ. Talankinin emalatxanasında kino sənətinin sirlərinə dərindən yiyələnir. Diplom işi isə “Nəğmə dərsi” qısametrajlı bədii filmi (“Ömrün səhifələri” kinoalmanaxı) olur. Film ailə həyatında bəxti gətirməyən, həyat yoldaşından ayrılan gənc sürücünün məktəbin birinci sinifdə oxuyan oğlu ilə dərs zamanı xəlvəti görüşlərindən bəhs edir. Atanı övladın gələcək taleyi narahat edir. “Nəğmə dərsi” bu narahat qəlbin həzin hekayəsidir.
Aydın Kazımzadə araşdırmasında belə bir məqamı da diqqətə çatdırır ki, incəsənət xadimləri ailəsində böyüyən Gülbəniz xanım bir gün bu sahə ilə bağlı adamlar haqqında film çəkmək istəyir. Anarın “Dantenin yubileyi” povesti mövzu mürəkkəbliyi ilə diqqətini cəlb edir və həmin əsəri müəlliflə birgə 1978-ci ildə ekranlaşdırır. Filmin qəhrəmanı istedadı olmasa da, teatra qəlbən bağlı qocaman aktyordur. Həmkarları onunla daim zarafatlaşır, bəzən də ona sataşırlar. Sonda aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır...
Gülbəniz Əzimzadə uşaq filmlərinin rejissoru kimi də tanınıb. Bu barədə söz düşəndə deyərdi: “Uşaqlarla işləmək asandır. Bunun üçün gərək onlardan hər birinin xarakterini dərindən öyrənəsən. Çünki uşaq dünyası kəşf olunmamış bir aləmdir. Bu aləmdə hər şey yaratmaq mümkündür. Mən uşaqları sevir və onlarla işləməkdən zövq alıram”. “Qaladan tapılan mücrü”, “Təkcə adanı özünlə apara bilməzsən” filmləri sənətkarın uşaqlarla işləmək bacarığının gözəl bədii nümunələridir.
Rejissorun “Təkcə adanı özünlə apara bilməzsən” filmi 1980-ci ildə Kiyevdə keçirilən “Gənclik-80” kinofestivalında ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə münsiflər heyətinin diplomu ilə təltif olunur. 1981-ci ildə isə IX ümumittifaq televiziya filmlərinin festivalında uşaqlar üçün ən yaxşı ekran əsəri kimi baş mükafata layiq görülür. 1982-ci ildə filmin yaradıcı heyətinə, o cümlədən rejissor Gülbəniz Əzimzadəyə Azərbaycan Lenin komsomolu mükafatı verilir. Ekran əsərində insan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq bir problem kimi qoyulur. Əsərin qəhrəmanı balaca Nailə bir neçə günlüyə adaya, nənəsinin yanına qonaq gəlir. Bu qısa müddətdə çox şeylər diqqətini çəkir. Həyat hadisələrindən qəlbi kövrəlir, bəzən də sevincdən coşub-daşır. Dünyanın gözəlliyini, onun müdafiəsiz olduğunu özü üçün kəşf edir...
Rejissorun Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyi “Ötən ilin son gecəsi” televiziya bədii filmi (1983) ailə-məişət mövzusundan bəhs edir. Film Azərbaycan qadınına həsr olunub. Burada sadə və mehriban bir ailənin ümumi maraqları hər şeydən üstün tutulur, tamaşaçının diqqətini daha çox mənəvi-etik problemlərə yönəldilir.
Bundan sonra Gülbəniz Əzimzadə görkəmli kinoaktyor Şahmar Ələkbərovla birgə Xalq yazıçısı Anarın “Şəhərin yay günləri” pyesinin motivləri əsasında “İmtahan” adlı bədii televiziya filminə quruluş verirlər.
80-ci illərdə Xalq yazıçı Yusif Səmədoğlunun “Qətl günü” romanı nəşr olunur və oxucuların böyük rəğbətini qazanır. Əsər kinematoqrafçılar tərəfindən də maraqla qarşılanır. Gülbəniz Əzimzadə düz beş il bu əsərin ekran variantı üzərində çalışır və maraqlı kino nümunəsi ərsəyə gəlir. “Qətl günü”ndən sonra Gülbəniz xanım yenidən müasir mövzuya qayıdır. “Müqəddəs oda yanaram” filmini ekranlaşdırır. Filmdə qədim bir xalq rəvayəti ilə müasir mövzu arasında paralellər aparır...
Görkəmli sənətkar bütün varlığı ilə kino sənətinə bağlı idi. Tale qisməti ömür payının necə gəlib keçdiyini belə unudur. Ondan soruşanda ki, niyə şəxsi həyatın haqda heç düşünməmisən, deyərmiş: “Həyatda qarşıma elə bir kişi çıxmadı ki, məhz ona görə kinonu bir tərəfə qoyub ailə qurum”.
Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Gülbəniz Əzimzadə yaradıcılığının coşqun çağında (2006) dünyasını dəyişir. Özündən sonra onu gələcək nəsillərə sevdirəcək və yaşadacaq neçə-neçə ekran əsəri yadigar qoyub gedir...
Savalan Fərəcov