Moskvada Rusiya və Türkiyə qarşılıqlı “Mədəniyyət və turizm ili”nin açılışı olub
Rusiya və Türkiyə qarşılıqlı “Mədəniyyət və turizm ili”nin açılışı olub. Böyük Teatrın səhnəsində Ankara Dövlət Opera və Balet Teatrı artistlərinin ifasında “Troya” operası nümayiş etdirilib.
Tədbiri Rusiya mədəniyyət naziri Vladimir Medinski və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ərsoy açıblar.
Nazir Vladimir Medinski qeyd edib ki, qarşılıqlı “Mədəniyyət və turizm ili” çərçivəsində keçiriləcək hər tədbir mədəni irsin təbliğinə, iki xalq arasında dostluq əlaqələrinin genişlənməsinə yönəldilib. O, maraqlı və parlaq səhnə əsəri olan “Troya” operasını Moskva tamaşaçılarına təqdim etdiklərinə görə türkiyəli dostlarına təşəkkürünü bildirib.
Türkiyəli nazir Mehmet Ərsoy iki ölkə arasında dostluq əlaqələrinin dərin köklərindən danışıb. O xatırladıb ki, böyük türk şairi Nazim Hikmət bir çox sevilən əsərlərini məhz Rusiyada yaradıb.
Nazir qarşılıqlı “Mədəniyyət və turizm ili”nin bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayaraq bildirib ki, türk mədəniyyət və incəsənət xadimləri il ərzində Moskvada, Sankt-Peterburqda, Kazanda rusiyalı tamaşaçılarla görüşəcəklər.
“Troya” operasını Homerin məşhur “İliada” eposunun motivləri əsasında rumıniyalı bəstəkar Bujor Hoinic yazıb. Bu, əcnəbi bəstəkarın türkcə yazdığı ilk operadır. “Troya” operasının bədii rəhbəri məşhur vokalçı Murat Karahandır. O, operada Paris obrazını canlandırır. Opera antik Troya şəhərinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsinin 20-ci ildönümü münasibətilə 2018-ci ildə səhnələşdirilib.
MEHPARƏ