Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bədii Şuranın geniş tərkibdə yığıncağı keçirilib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev sənət ocağının qarşısında duran vəzifələrdən, həlli vacib məsələlərdən söz açıb. Direktor teatra “akademik” statusun verilməsi haqqında ölkə başçısının müvafiq sərəncamından sonra əməkdaşlarda ruh yüksəkliyinin daha da artdığını qeyd edib. O, Akademik Musiqili Teatrın kollektivinin bundan sonra da dövlət əhəmiyyətli tədbirlərdə, qastrol səfərlərində, müsabiqələrdə fəal iştirakının zəruriliyini vurğulayaraq, yol verilən bəzi ciddi nöqsanları da diqqətə çatdırıb, onların aradan qaldırılması barədə kollektivlə müzakirələr aparılıb.
Xalq artisti Afaq Bəşirqızı çıxış edərək səhnə təcrübələrini gənc aktyorlarla bölüşüb, məsləhətlər verib. Qeyd edib ki, teatrın “akademik” status alması, aktyorların maddi rifahının yüksəldilməsi ölkə başçısı tərəfindən incəsənətə, teatra verilən yüksək dəyərin göstəricisidir.
Sonra teatrın baş inzibatçısı Sücəddin Sadiyev, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədova çıxış edərək iş prosesi zamanı yaranan çətinliklər və qarşıya çıxan problemlərin birgə həlli yolları barədə danışıblar. İclasda teatra tamaşaçı axınının artdığını nəzərə alaraq, repertuarın da yenilənməsinin vacibliyi vurğulanıb. Gələcək planlar, repertuarda olan tamaşaların keyfiyyətinin artırılması, tamaşaçıların zövqünə uyğun və müasir dövrlə səsləşən yeni səhnə əsərlərinin hazırlanması barədə müzakirələr aparılıb.