Zaman-zaman ölkənin baş səhnəsində – Heydər Əliyev Sarayında konsertlərə, yubiley gecələrinə, rəsmi tədbirlərə qatılan tamaşaçılar bu dəfə möhtəşəm zala başqa bir şövqlə toplaşmışdılar. XXI əsrin müxtəlif texnoloji formasiyalarından keçən tamaşaçı-dinləyicinin menyusunda bu dəfə ekzotik Şərqin realist-romantik Qərblə ruhi birləşməsi vardı. Səbəb isə yenə də böyük sənət, bənzərsiz musiqi idi...
11-12 aprel tarixində ölkəmizdə keçirilən Rusiya mədəniyyəti günləri çərçivəsində “Kreml baleti” teatrının təqdimatında böyük bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olundu. 40 il öncə yazılmış balet bəstəkarın əngin musiqi zövqünün, özünəməxsus dəst-xəttinin təntənəsi idi. Bu baleti sənətkarın həmvətənləri üçün özəl qılan səbəblərdən biri də onun səhnə tərtibatçısının görkəmli fırça ustası, Xalq rəssamı Tahir Salahov olması idi. Səhnə əsərinin budəfəki nümayişləri də rəssamın 90 illik yubileyinə həsr edilmişdi.
İki pərdədən ibarət “Min bir gecə” baleti qonaq teatrın repertuarına 2010-cu ildə daxil edilib və elə o vaxtdan Rusiyada, onun hüdudlarından kənarda nümayiş olunur. Baletdə “Kreml baleti”nin ən tanınmış artistləri rol alırlar.
Məlumat üçün bildirək ki, “Kreml baleti” teatrı 1990-cı ildə yaradılıb. Teatrın yaradıcısı və bədii rəhbəri xoreoqraf, Rusiyanın Xalq artisti Andrey Petrovdur. Sergey Raxmaninov adına Simfonik Orkestrin və Rusiyanın Prezident Orkestrinin iştirakı ilə çıxış edən teatr uzun illər Vladimir Vasilyev və Yuri Qriqoroviç kimi ustadlarla da əməkdaşlıq edib.
“Min bir gecə” tamaşasının quruluşçu xoreoqrafı Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır. Peşəkarların ərsəyə gətirdiyi tamaşa seyrçiləri, bir neçə dəqiqəlik də olsa, Şəhrizadın danışdığı nağıllar aləminə apardı. Səhnədə klassik xoreoqrafiya ilə qədim hekayənin bənzərsiz harmoniyası vardı. Bir-birini əvəz edən balet artistləri gözəl bir marafon yaratmışdılar: Sindibad, Ələddin, Əlibaba, Cin, Şahzadə Budur... Zaman-zaman qəzəb və nifrətdən arınan Şəhriyar, onu söylədiyi nağıllarla fərqli dünyalara aparan Şəhrizad çox maraqlı idi. Klassik musiqi ilə qədim ərəb dünyasının valehedici vəhdətini təmin edən ab-hava, eləcə də artistlərin bədən plastikası, hadisələrin dramaturji gedişinə uyğun mimikaları gözəl alınmışdı.
Tahir Salahovun hadisələrin təsir gücünü artıran maraqlı tərtibatı görkəmli fırça ustasının yüksək zövqünün növbəti nümayişi idi.
Tamaşaçı bəşəri musiqi fonunda dini, dünyəvi, mifoloji qatlardakı kəsişmələri bir-bir adlamış olurdu. Musiqinin verdiyi emosional güc təsvirlərdə gözəgörünməz bir nizam yaratmışdı. Təbii ki, səhnə geyimləri, onların dramaturji materialla həmahəngliyi, qəhrəmanların hiss-həyəcanları ilə səsləşməsi tamaşanın təsir gücünü daha da artırırdı. Olqa Polyanskayanın səhnə tərtibatı ilə tam səsləşən geyim-tərtibat ustalığı ilk nümunələrdən tamaşaçını heyran qoydu.
F.Əmirovun yaradıcılığını tədqiq edən sənətşünasların təbirincə desək, “Min bir gecə” baleti qadına, onun məhəbbətinə və müdrikliyinə həsr olunan himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir. Azərbaycan baleti tarixində yeni mərhələ olan “Min bir gecə” izləyici-dinləyicisinə çoxpərdəli tamaşa ilə kiçik baletin vəhdətini göstərir. Tamaşaçı bir neçə hadisəni, daha doğrusu, ayrı-ayrı hekayənin musiqidə plastik həll sintezini izləyir.
Rusiyalı balet artistlərinin ifa estetikasında da məhz bu nüans baxımlı və təsirli alınmışdı. Tamaşaçı qeyri-ixtiyari onsuz da geniş olan və ifaçılara maneralarını sərbəst nümayiş imkanı verən səhnəyə diqqət kəsilmişdi. Bu mənada nümunəyə istər ilk, istərsə də növbəti dəfə tamaşa edənlər səhnədəki prosesə qoşularaq iki qütbə - real və nağıl dünyasının sakinlərinə bölünmüşdülər...
Rusiyalı sənətçilərin təqdim etdiyi “Min bir gecə” istər səhnə-tərtibat xüsusiyyətləri, istərsə də ifaçıların ustalığı etibarilə xoş sözlərə layiqdir. Bu gözəlliyə tamaşaçıların ərməğanı belə oldu: sürəkli alqış, yerlərdən ucalan təşəkkür nidaları və böyük sənət işığında bütün qaranlıqlara qalib gələn sevgi...
Həmidə NİZAMİQIZI