Türkiyənin Adana şəhərində 21-ci Sabancı Beynəlxalq Adana Teatr Festivalı davam edir. Martın 27-də başlanan festival aprelin 30-da sona çatacaq.
Festivalda Azərbaycanı Gəncə Dövlət Dram Teatrı təmsil edir. Kollektiv rejissor İradə Gözəlovanın quruluşunda Nodar Dumbadzenin “Hellados” tamaşasını göstərib. Səhnə əsəri yerli teatr ictimaiyyəti və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
Səfər zamanı yaradıcı heyət Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzovla görüşüb. Səhhəti ilə bağlı üzrlü səbəbə görə tamaşanı izləyə bilmədiyini bildirən Cahangir Novruzov “Tələbələrim və yaxın dostlar Azərbaycan teatrının nümayiş etdirdiyi tamaşanı izləyib, mənə gözəl xəbərlər çatdırdılar. Tamaşa çox bəyənilib”, deyərək Gəncə Dövlət Dram Teatrının kollektivini təbrik edib.
Gəncə teatrı Türkiyədə növbəti tamaşanı Konya şəhərində 20 apreldə başlayacaq “Min nəfəs – bir səs” festivalında göstərəcək.